Advertisement

Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşdü (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

15 aprel 2024-cü il tarixində Xarici işlər naziri Ceyhun
Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində
Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş
zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları
bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında
formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi
xarakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və
kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə
çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq
doğurduğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün
prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri
Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan
əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata
keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və
çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə
postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

xxx

19:55

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Trend xəbər verir ki,
tərəflər Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və
çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini
müzakirə ediblər.

Görüşdə həmçinin, əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir
mübadiləsi aparılıb.