
Bakı. Trend:
Məlum olduğu kimi, son illər ərzində özü barədə “filantrop”
təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar
çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında
olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma “Artsax
Respublikası” adlı qanunsuz silahlı terrorçu birləşmədə, ardınca
isə Ermənistanda hakimiyyətə yiyələnmək niyyətində olmuş şəxs kimi
tanıdığı, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin İstintaq təcridxanasında həbsdə olan Ruben Vardanyanın
çirkli pulları hesabına ona bağlı bir qrup tərəfindən Nobel
namizədliyinin irəli sürülməsi istiqamətində iş aparıldığı haqda
məlumat yayılıb.
Məlum olur ki, hələ 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq
və Korrupsiya Hesabatı Layihəsi) R.Vardanyan barədə “The Troika
Landromat” kimi təqdim edilən araşdırma hesabatını təqdim edib.
Hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı
olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan
erməni fəhlələrin adlarına yaratdığı nəhəng “offshore” şirkətlər
vasitəsi ilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına,
qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə
dair üzə çıxan çoxsaylı faktlar təqdim edilir.
OCCRP-nin qeyd edilən yayımının tam mətnini təqdim edirik:
“Nəhəng ofşor şəbəkəsi milyardlarla pul vəsaitlərinin
dövriyyəsini Rusiya Federasiyasına məxsus banklar vasitəsi ilə
həyata keçirib
Digər məqamlara keçid etməzdən öncə qeyd etmək lazımdır ki,
Ruben Vardanyanla Armen Ustyanın hər ikisinin erməni mənşəli
olmalarından başqa hər hansı ortaq cəhətləri yoxdur.
Belə ki, Vardanyan bir vaxtlar ölkənin ən böyük özəl investisiya
bankı olan “Troika Dialoq”a rəhbərlik edən zəngin rusiyalı
bankirdir. Onun barəsində Davosda keçirilən Dünya İqtisadi
Forumunda danışılmış, vətəni Ermənistan üçün xeyriyyəçilik
layihələrinə on milyonlarla dollar xərcləmişdir.
Vardanyandan fərqli olaraq Ustyan isə Moskvada mənzillərin təmir
edilməsi biznesinə başlamazdan əvvəl öz vətənində həyat yoldaşı və
valideynləri ilə eyni mənzildə yaşayan mövsümi inşaat işçisi idi.
Lakin Ustyanın əvvəllər heç vaxt görmədiyini dediyi üzərində imzası
olan sənədlər “Troika”ya – əksər hissəsi Rusiya elitası olan bank
müştərilərinə münasibətdə milyonlarla vəsaitin ofşor şirkətlər
vasitəsi ilə köçürülməsini nəzərdə tutan “Troika Laundromatı”na
(çirkli pul yuma maşını) tərəf düz xətt çəkir. Bank sisteminin özü
elə təşkil edilmişdir ki, müştərilər müəyyən olunmuş
məhdudiyyətləri yan keçmək, xarici aktivlərini və “yuyulmuş
pullar”ı gizlətmək imkanına malik olmuşdurlar. Belə qayda nüfuz
sahibi olan oliqarxların nağd pullarla təmin edilməsinə və
cinayətkarlara qanunsuz əldə etdikləri nağd pullarının həqiqi
mənbəyini pərdələməyə şərait yaratmışdır.
Lakin Ustyanın adı və pasportunun surəti Troikanın sistemində mühüm
rol oynamış ofşor şirkətlərdən birinə aid bank sənədlərində aşkar
edilmişdir. Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinə
kimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75
şirkətdən biri idi. Bu müddət ərzində “Troika” 4,6 milyard ABŞ
dolları vəsaitin sistemə daxil olmasına, həm də 4,8 milyard dollar
vəsaitin sistem vasitəsi ilə müəyyən istiqamətlərə yönəldilməsinə
şərait yaratmışdır. Bu əməliyyatlar üzrə qarşı tərəflər arasında
böyük Qərb bankları olan Citigroup Inc., Raiffeisen və Deutsche
Bank da çıxış etmişdir. Bunlardan başqa da həmin sistemə olan
onlarla şirkət nağd pulun mənbəyini gizlətmək məqsədilə 8,8 milyard
dollar dəyəində daxili əməliyyatlar həyata keçirmişdir. (Citigroup
bu məsələ ilə bağlı şərh sorğusuna hər hansı münasibət
bildirməmişdir. Həmçinin, Raiffeisen müştəri məxfiliyinə istinad
edərək şərh verməkdən imtina etmiş, əlavə olaraq Deutsche Bank
“Troika” müştəri əməliyyatları haqqında məlumatlara “məhdud giriş”
olduğunu əsas gətirərək hüquqi tələblərə görə konkret bizneslər
haqqında şərh verə bilmədiyini qeyd etmişdir)
Həmin ərəfələrdə Vardanyan “Troika”-nın prezidenti, baş icraçı
direktoru və əsas partnyoru idi. O, Moskva İdarəetmə Məktəbi
Skolkovo-nun həmtəsisçisi, ölkənin biznes mühitinin inkişafına
çalışan şəxs kimi tanınaraq, Rusiya kapitalizminin Qərb dostu
nümayəndəsi kimi qazandığı nüfuzu ilə fərəhlənirdi. Bu vaxt,
“Troika”-nın işçiləri qeyri-şəffaf maliyyə sistemi qururdular –
OCCRP tərəfindən aşkar edilmiş əvvəlki çirkli pulların yuyulması
sxemlərinə bənzədiyinə görə bu sistem “Troika” pul yuma maşını
adlandırıldı.
Əvvəlki çirkli pulların yuyulması sistemlərində olduğu kimi, burada
da böyük əməliyyatların çoxu uydurma ticarət sövdələşmələri
əsasında həyata keçirilirdi. Saxta invoyslar “mallar”, “ərzaq
malları”, “metal mallar”, “fakturalar” və “avtomobil hissələri”
kimi müxtəlif adlarla rəsmiləşdirilirdi. Sızmış məlumatlara daxil
olan invoyslar proksilər (həqiqi sahibin gizlədilməsi məqsədilə
müvəkkil edilmiş digər şəxslər) tərəfindən təsdiq edilərək
Troika.ru elektron poçt ünvanlarından göndərilmişdir.
Ruben Vardanyan
Bu əməliyyat portreti OCCRP və Litvanın 15min.lt xəbər saytı
tərəfindən əldə edilən və 21 media partnyoru ilə paylaşılan sızmış
bank əməliyyatları və digər sənədlər toplusundan
aşkarlanmışdır.
Bütövlükdə qeyd olunan məlumatlar 238.000 şirkət və insan
tərəfindən aparılan 1,3 milyondan çox bank əməliyyatlarından, eləcə
də minlərlə elektron məktub, müqavilələr və şirkət qeydiyyatı
formalarından əldə edilmişdir.
“Troika” -nın mövcud şəbəkəsinin təhlili məlumatların detallı
araşdırılmasına əsaslanır.
Məlum olmuş faktarla bağlı müsahibəsində Vardanyan ona məxsus olan
bankın qaydalarından kənar hər hansı əməliyyatın həyata
keçirilmədiyini, həmin dövrdə digər investisiya bankları kimi
faəliyyət göstərdiyini bildirmişdir. O, həmçinin vurğulamışdır ki,
ona məxsus olan bankın öz müştərilərinə göstərdiyi geniş sahələri
əhatə edən xidmətlər üzrə hər incə detala nəzarət etmək imkanı ola
bilməzdi. Qeyd olunan pozuntularla bağlı Vardanyanın nə vaxtsa
hakimiyyət orqanları tərəfindən hər hansı bir təqibə məruz qaldığı
və ya ittiham olunduğuna dair də hər hansı bir sübut aşkar
edilməmişdir. Şəxsən özünün imzasına həmin bank əməliyyatları üzrə
yalnız “Troika” pul yuma maşınına daxil olan şirkətə kreditin
ayrılması ilə bağlı sənəddə rast gəlinir.
(https://www.occrp.org/documents/troikalaundromat/VARDANYAN_SIGNED_CONTRACT.pdf).
Vardanyan qeyd olunan sistemi özəl sərvətlərin idarə olunması
xidməti kimi təsvir etmişdir. O, pul yuma maşınını formalaşdıran
ofşor şirkətlər şəbəkəsinə istinad edərək bildirmişdir: “qeyd
olunan şirkətlər, o cümlədən mənə məxsus olan şirkət “Troika
Dialoq” şirkətinin müştərilərinə texniki xidmət göstərməkdədirlər.
Bunlar “çox ailəli şirkətlər” də adlandırıla bilər. Oxşar təcrübə
hələ də digər banklarda mövcuddur. Həmin bankların müştərilərinin
əksər hissəsi beynəlxalq banklar vasitəsi ilə işləyirlər. Bir daha
təkrar edirəm ki, biz hər zaman xidmət göstərdiyimiz dövr üçün
dünya maliyyə bazarlarında qüvvədə olan qaydalara uyğun fəaliyyət
göstərmişik. Görünən odur ki, qaydalar dəyişir, lakin keçmiş
maliyyə bazarlarına hazırkı qaydaların tətbiq edilməsi müasir
standartların “böyük depressiya” dövrünə tətbiq edilməsi kimi bir
şeydir. Məncə, belə tətbiq etmənin real vəziyyəti təhrif edə
biləcəyi ilə razılaşacaqsınız ”
Vardanyan uydurma ticarət sövdələşmələri barədə suala cavab olaraq
bildirmişdir ki, “Troika Dialoq”un gəliri 2006-2010-cu illər
arasında 2 trilyon rublu (valyuta dəyişkənliyindən asılı olaraq
63-85 milyard dollar) keçmişdir və bu həcmdə şirkətin bütün
sövdələşmələri haqqında onun məlumatlı olma imkanı ola
bilməzdi.
O vaxt Rusiyada bu tipli təcrübələr adi hesab edilsə də,
mütəxəssislər “Troika pul yuma maşını” kimi sistemlərin ciddi
fəsadlar verə biləcəyini qeyd edirdilər.
Corc Meyson Universitetinin Terrorizm, Transmilli Cinayət və
Korrupsiya Mərkəzinin direktoru və təsisçisi, “Qaranlıq Ticarət”
kitabının müəllifi Louise Shelley-in dediyinə görə: “hazırda mövcud
“səhnə” milli iqtisadi inkişafı ləngidir, insan təhlükəsizliyini
pozur və geridə qalan insanların həyat keyfiyyətini aşağı salır.
Çirkli pulların yuyulması ilə məşğul olan ölkələr, xüsusən də
inkişaf etməkdə olan dünyada infrastrukturun inkişafı, təhsil,
səhiyyə, yeni biznes sahələrinin inkişafı, sahibkarlıq üçün lazım
olan böyük həcmdə kapitalı itirirlər. Xaricdə yatan bu həcmdə pul
vəsaitləri ilə seçki proseslərinə müdaxilə edilməsi, saxta
xəbərlərin yayılmasına yardım edilməsi də daxil olmaqla hər cür
zərərli fəaliyyət həyata keçirilə bilər.”
Kriminal Xidmətlər
Maliyyə laundromatları sadəcə çirkli pulların yuyulması sistemi
deyildir. Bu həm də gizli investisiya vasitəsi, rüşvət ehtiyatı,
vergidən yayınma sxemi və daha çoxudur.
“Troika”nın müştəriləri bu sistemdən Böyük Britaniya, İspaniya və
Monteneqroda əmlak, yəni lüks yaxtalar və sənət əsərləri, tibbi
xidmətlər və dünya çempionatının biletlərini almaq, övladlarının
nüfuzlu Qərb məktəblərində oxumaları üçün təhsil haqqını ödəmək,
hətta kilsələrə ianə etmək məqsədilə istifadə edirdilər.
Əlavə olaraq, “Troika Laundromat”ı mütəşəkkil cinayətkar qruplara
və fırıldaqçılara öz cinayətlərindən əldə edilən gəlirləri yumaq
imkanı verirdi. OCCRP və tərəfdaşlar Rusiyada özlərinə məxsus pul
vəsaitlərinin mənbəyini gizlətmək məqsədilə maliyyə laundromatı
şirkətlərindən istifadə edən bir neçə yüksək səviyyəli fırıldaqları
müəyyən etmişdir.
Şeremetyevo Hava Limanında yanacaq fırıldaqçılığı
(https://www.reportingproject.net/proxy/en/moscow-airport-used-in-fuel-fraud)
kimi tanınan bu mexanizmlərdən biri 2003-2008-ci illər arasında
fəaliyyət göstərmiş və Rusiya dövlətini 40 milyon dollardan çox
vergi gəlirindən məhrum etməklə aviasiya yanacağının qiymətlərini
süni şəkildə şişirtmiş və təyyarə biletlərinin bahalaşmasına səbəb
olmuşdur. Həmin dələduzluqda iştirak edən şirkətlər tərəfindən
“Troika Laundromat” hesablarına 27 milyon dollardan çox pul
vəsaitləri göndərilmişdir. Vardanyanın bu mexanizmə hər hansı
aidiyyəti olmamış və o, bununla bağlı məlumatlı olmadığını
bildirmişdir. Həmin dələduzluq əməlləri başa çatdıqdan iki il
sonra, yəni 2010-cu ildə isə, “Troika Dialoq” “Credit Suisse” ilə
birlikdə hava limanı üçün məsləhətləşmələrə başlamışdır.
Laundromat ilə əlaqəli ikinci əhəmiyyətli cinayət araşdırması, bir
neçə Rusiya Federasiyasına məxsus sığorta şirkəti tərəfindən həyata
keçirildiyi iddia edilən vergidən yayınma mexanizminin əhatə edir,
hansı ki, bu vasitə ilə sistemə 17 milyon dollar vəsait
yerləşmişdirilmişdir.
Sergey Tixomirov adlı şəxs külli miqdarda pul vəsaitlərinin
göndərilməsini pərdələmək məqsədilə sığortaçılarla saxta xidmət
müqavilələri bağlamaqda ittiham olunmuş və onun ittihamçılarının
gəldiyi nəticəyə görə deyirlər ki, Sergey Tixomirov pul
vəsaitlərini xaricə çıxarmazdan və ya nağdlaşdırmazdan əvvəl bir
neçə hesaba köçürmüş və həmin vəsaitlərin bir hissəsinin
köçürüldüyü yekun hesab laundromat şirkətləri olmuşdur. (qeyd
olunanlarla bağlı şərh verməsi üçün əlaqə saxlanılmağa çalışılan
Tixomirov telefon zənglərinə cavab verməmişdir.)
Başqa bir iş üzrə, ən azı 69 milyon dollar pul vəsaiti rusiyalı
violonçel ifaçısı olan Sergey Rolduginlə əlaqəli şirkətlərə
köçürülmüşdür. O, mənbəyi bilinməyən böyük sərvətinin OCCRP,
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və Panama sənədləri
layihəsində media nümayəndələri tərəfindən aşkarlanmasından sonra
məşhurlaşmışdır.
(https://www.occrp.org/en/panamapapers/persons/roldugin/).
Rolduqinin şirkətlərinin laundromatdan aldığı pul vəsaitlərinin bir
hissəsi Rusiyanın böyük vergi fırıldaqları nəticəsində yaranmışdır
və bu fakt ifşa edildikdən sonra həbsxanada vəfat edən rusiyalı
hüquqşünas Sergey Magnitsky tərəfindən aşkar edilmişdir. Rolduqin
qeyd olunanlarla bağlı şərh tələb edən məktuba hər hansı cavab
verməmişdir. Bu məsələ ilə bağlı Vardanyan bildirmişdir ki, onun
violonçel ifaçısı haqqında məlumatı var idi, lakin sonuncunun
“Troika” ilə hər hansı biznes əlaqəsinin olduğunu bilmirdi.
Maqnitskinin ifşa etdiyi saxtakarlıq şəbəkəsində iştirak edən
şirkətlər “Troika Laundromat” vasitəsilə 130 milyon dollardan çox
vəsaitin dövriyyəsini həyat keçirmiş, yüz milyonlarla dollar
məbləğində vəsaitlər naməlum məqsədlər üçün laundromata mədaxil və
məxaric edilmişdi.
Vardanyan isə bu əməliyyatların heç birindən xəbəri olmadığını qeyd
etmişdir.
“Başa düşün, mən mələk deyiləm. Rusiyada yaşamaq üçün sizin üç
yolunuz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist
olmaq. Beləliklə, mən konformistəm. Amma mənim öz daxili
məhdudiyyətlərim var: mən heç vaxt “loans-for-shares” (1990-cı
illərdə Rusiyada yaradılmış özəlləşdirmə mexanizmi) mexanizmində
iştirak etməmişəm, cinayətkarlarla işləməmişəm, heç bir siyasi
partiyanın üzvü deyiləm. Buna görə, hətta 90-cı illərdə mən
ətrafımda heç bir mühafizəçi olmadan gəzirdim. … Mən özümü və
prinsiplərimi qorumağa çalışıram” deyə o, bildirmişdir.
Laundromatdan pul əldə edən şəxslər arasında Vardanyan və onu
ailəsi də olmuşdur. 3,2 milyon dollardan artıq vəsait onun American
Express kartının ödənişlərinə istifadə edilmiş, həyat yoldaşına və
ailəsinə məxsus hesablara köçürülmüş, Böyük Britaniyada üç
övladının təhsil haqqının ödənilməsinə yönəldilmişdir.
Bu rəqəmlər barədə sualı cavablandıran Vardanyan demişdir ki,
Troikanın yaratdığı ofşor şirkətlər bankın müştəriləri ilə yanaşı,
öz şirkətlərinə də xidmət göstərir.
“Troika” Təməl daşı rolunda
“Troika Laundromatı” son illərdə aşkar edilmiş laundromatlar
arasında unikaldır çünki o, nüfuzlu maliyyə institutu tərəfindən
yaradılmışdır.
1990-cı illərin əvvəllərində yaradılan “Troika Dialoq” Rusiyanın ən
böyük özəl investisiya bankına çevrilmişdi. O, 2012-ci ilə qədər
ölkənin ən böyük dövlət kreditoru olan Sberbank tərəfindən satın
alınana qədər Vardanyanın rəhbərliyi altında fəaliyyət
göstərmişdir.
Bütün investisiya bankları kimi, “Troika” da səhm və istiqrazların
buraxılması, ilkin ictimai təkliflərlə məşğul olur və sığorta
agenti kimi fəaliyyət göstərirdi. O, həmçinin Citibank Inc.-in
yerli ofisi ilə güclü əlaqələrə malik idi, belə ki, “Troika” -nın
yeni investorlarının 20 faizə qədəri ABŞ-ın nəhəng təşkilatları
vasitəsilə gəlirdi. Troikanın həmtəsisçisi Pavel Tepluxinin 2006-cı
ildə verdiyi müsahibəyə əsasən bu, Nyu-Yorkda yerləşən Citibankı
Troikanın ən böyük xarici maliyyə institutu etmişdir. (Citibank
qeyd olunanlara şərh verməsi üçün edilən müraciətləri cavabsız
qoymuşdur.)
Credit Suisse və Standard Bank Group daxil olmaqla, digər böyük
beynəlxalq banklar da “Troika” ilə əhəmiyyətl işlər görürdülər.
2006-cı ildən başlayaraq Troikanın işçiləri “Troika” Laundromatının
hissələrini birləşdirməyə başladılar.
Laundromat qurmaq üçün dörd vacib element tələb olunur: çirkli
pulların yuyulmasına qarşı mülayim standartlara malik bank; bankda
hesab saxlamaq üçün gizli ofşor şirkətlərin labirinti; həm
şirkətlər, həm də hesablar üçün “proksi” (əsas sahibkarı
gizlədilməsi üçün səlahiyyətləndirilmiş şəxs) direktorlar və
səhmdarlar, eləcə də lazım gəldikdə tez bir zamanda ofşor
şirkətləri yarada, saxlaya və ləğv edə bilən qondarma formalaşma
agentləri.
Bank pul axınlarını və pul əməliyyatlarını təşkil edən saxta
ticarət sövdələşmələrini idarə etməklə yanaşı, “Troika”
Laundromatının bütün kiçik komponentlərini təşkil edir.
Burada əsas mexanizm ticarətə əsaslanır: “Shell” (pərdələnmiş)
şirkətləri sistemdəki digər şirkətlər tərəfindən alınmalı olan
əslində mövcud olmayan mal və xidmətlər üçün saxta hesab-fakturalar
yaradırlar. Bu sahədə qazanılmış təcrübə ilə həmin əməliyyatların
nəzarət qurumları üçün daha az şübhəli görünməsinə səbəb olan, bu
əməliyyatların qanuni iqtisadi fəaliyyət olmasını göstərən saxta
görüntülər təqdim edirdilər.
Bununla bağlı “George Mason” şirkətinin korrupsiya üzrə eksperti
Shelley bildirmişdir: “Siz qeyri-qanuni ödənişin malların daşınması
ilə əlaqəli olduğunu iddia edərək gizlədirsiniz. Bu gün dünyada
çirkli pulların yuyulmasında ən mükəmməl sistem ticarət sistemidir.
Əl-Qaidənin qurucusu Usama bin Laden Yaxın Şərqdə pul köçürmək üçün
oxşar sistemdən istifadə edirdi.
“Troika” nı təşkil edən şirkətlərdən danışdıqda qeyd etmək lazımdır
ki, əgər “Troika” laundromatın təməl daşı idisə, onun tamamlayıcı
daşları Britaniyanın Virgin Adalarında yerləşən üç pərdələnmiş
şirkətləri idi: Brightwell Capital Inc., Gotland Industrial Inc. və
Quantus Division Ltd. Brightwell-in ilk məlum əməliyyatı 12 aprel
2005-ci ildə, Gotland 17 fevral 2006-cı ildə, Quantus isə altı ay
sonra, yəni avqustun 23-də həyata keçirilmişdir.
Bu şirkətlərin bank sənədlərinin təhlili onların laundromatını necə
yaratdıqlarını aşkara çıxarır. Belə ki, 2006-cı ildən başlayaraq,
onlar bütöv laundromatını özündə birləşdirən çoxsaylı kiçik
şirkətləri yaratmaq üçün IOS Group Inc adlı bir aralıq agentinə
çoxsaylı kiçik ödənişlər etmişdir. Bununla bağlı məsələlərə
aydınlıq gətirmək məqsədi ilə edilmiş sorğulara IOS Group cavab
verməmişdir. Həmin pərdələnmiş üç şirkət bütün şəbəkənin
fəaliyyətinin təmin etmək məqsədilə 6 il müddətində İOS Group-a 40
avrodan 5000 avro qədər pul vəsaitlərinin köçürülməsini davam
etdirirdilər. Həmin müddət ərzində hesaba köçürülmüş vəsait 143.000
avrodan artıq hesablanmışdır.
Quantus, məsələn, Britaniya Virgin Adalarında yerləşən Kentway SA
şirkətinin təşkil edilməsi və saxlanılması üçün müəyyən haqq
ödəmişdir. Bu şirkət sonradan violonçel ifaçısı Sergey Rolduqinə
bağlılığı olan Sandalwood Continental Ltd.-yə milyonlarla dollar
göndərmək məqsədilə istifadə edilmişdir.
Quantus-un Kentway ilə bağlılığı, laundromat şirkətlərinin bir çox
yollarla bir-birinə bağlılığını nümayiş etdirir. Bu vəziyyətdə,
Kentway-in qurulmasına kömək etdikdən sonra, Quantus onu
maliyyələşdirməyə başlamışdır, hansı ki, bu vəsait sonrada
Rolduqinin şirkətinə göndərildi.
Bank
Pul vəsaitlərinin Laundromat şirkətləri vasitəsi ilə birbaşa
köçürülməsini təmin etmək məqsədilə Troikanın onunla işləməyə cəlb
edilmiş şirkətlərin hesablarının saxlanılması üçün kommersiya
bankına ehtiyacı var idi. Həmin bank pul vəsaitlərinin bir ofşor
şirkətdən digərinə köçürülməsini təsdiqləmək üçün istifadə edilən
Laundromat bizneslərinin maliyyə və ticarət sənədlərindəki
çatımazlıqlara göz yummağa hazır olmalı idi. “Troika” bu iş üçün
Litvanın Ukio Bankını seçmişdi. (Litva kreditoru 2013-cü ildə
ölkənin Milli Bankı tərəfindən riskli sövdələşmələrə qoşulduğuna və
tənzimləyicilərin əmrlərinə əməl etmədiyinə görə müsadirə edildi.)
Ukio-nun “Troika” laundromatında istifadə oluna bilən 35 və daha
çox şirkət üçün hesablar açdığı müəyyən edilmişdir.
Litva hələ avrodan istifadə etmədiyi üçün avro ilə aparılan
əməliyyatları həyata keçirmək üçün Ukio Bankın Avstriyanın
Raiffeisen və ya Almanyanın Commerzbank AG kimi Avropa banklarında
müxbir hesablara ehtiyacı vardı. Bu iki kreditor və bir çox digər
böyük Avropa və ABŞ maliyyə institutları aparılan bəzi
əməliyyatların mahiyyəti barədə ara-sıra araşdırma aparmalarına
baxmayaraq “pulların yuyulmasını” həyata keçirməyə razılıq
vermişdilər.
Məsələn, müxbir banklardan biri Ukio-nun tələblərin icrasına
nəzarət üzrə mütəxəssislərinə kommersiya məqsədi daşımayan “maliyyə
yuyulması” əməliyyatlarının mənşəyi ilə bağlış sorğu vermişdir: “Bu
əməliyyatın mahiyyəti nədir? Müqaviləmiz var (əlavə olunur), amma
düzünü desəm, nə baş verdiyini başa düşmürəm”, – deyə mütəxəssis
Rolduqin ilə əlaqəli bir şirkətə edilən ödənişlə bağlı bikef bir üz
ifadəsi edərək bildirmişdir. Lakin sorğu cavablandırılana qədər
artıq pul vəsaitləri Ukionun hesablarını tərk etmişdir.
Troikanın yaratdığı ofşor şirkətləri üçün niyə Ukio Bankının
seçildiyi barədə suala Vardanyan cavab olaraq bildirmişdir ki, bu,
dünyada istifadə olunan Troikanın 20-yə yaxın bankından sadəcə
biridir.
Erməni proksilər
“Pulların yuyulması”nı həyata keçirən çirkətlərdə aparılan bir çox
əməliyyatlarda əsas fiqur Armen Ustyan çıxış edirdi. 34 yaşında
Moskvada mövsümi inşaat işçisi kimi işləyən Ustyan heç bir zaman
investisiya bankiri olmamışdı.
Ustyanın imzası bir neçə başqa erməni ilə birlikdə “Troika
Laundromatsı”nda həyata keçirilən müqavilələrdə və bank
sənədlərində müəyyən edilmişdir. Köhnə hərbi pencək və papaq
geyinərək, yüksək səviyyəli maliyyə ilə bağlı suallara cavab vermək
üçün yanvar ayında o, evlərinin soyuq qonaq otağında jurnalistlərin
qarşısına çıxmışdır.
Öz müsahibəsində Ustyan bildirmişdir ki, o, imzasından istifadə
edilərək Ukio bankında hesabı qeydə alınan Panamada yerləşən pul
yuma şirkəti Dino Capital SA şirkətinin mövcudluğu haqqında
məlumatsızdır. Bank hesabı sənədlərinə onun pasportunun surəti
əlavə edilsə də, Ustyan israr edərək bildirmişdir ki, həmin sənədin
oraya necə gəlməsi ilə bağlı hər hansı fikri yoxdur.
Müsahibə zamanı Ustyan anasının xahişi ilə bir kağız parçasına öz
imzasını yazaraq belə bir nəticəyə gəldi ki, ona məxsusluğu iddia
edilən imza çox güman ki, saxtadır.
İmzasının Dino Capital-ın bank hesabı ilə əlaqəli olması ilə
yanaşı, Ustyan şirkət adından müqavilələr imzalamaq səlahiyyətinə
malik nümayəndə kimi səahiyyətləndirilmiş və onun imzası ən azı 70
milyon dollar dəyərində müqavilələrdə aşkar olunmuşdur.
Erməni “Troika Dialoq”la incə əlaqəsini xatırlasa da, qeyd olunan
faktların heç biri barədə məlumatı olmadığını bildirmişdir. Belə
ki, Ustyan Moskvada iş axtararkən qardaşının investisiya bankında
işlədiyini dediyi rus ermənisinin yanında qalmış və həmin şəxs ona
iş tapmağa kömək etmişdir.
Ustyanın Moskva ünvanı doğrudan da erməni əsilli Rusiya vətəndaşı
Nerses Vaqradyanın adına qeydiyyatdadır. Nersesin qardaşı Samvel
Vaqradyan əsas pul yuyulmasını həyata keçirən şirkət olan
Brightwell-dən milyonlarla dollar alan Rusiya şirkətinin
direktorudur. Vardanyanın saytında Samvel Vaqradyan da bankirin
xeyriyyə işlərinin əsas mənbəyi kimi xatırlanmışdır. Lakin Samvelin
həqiqətən “Troika” da işləyib-işləmədiyi məlum deyil.
Məsələ ilə bağlı suaların cavablandırılması üçün Vaqradyan
qardaşlarının heç biri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Ustyan
isə bununla bağlı bildirmişdir ki, Vardanyan qardaşlarının onun
müəyyənedici məlumatlarından istifadə etmələrinə inanmır.
Pul yuma ilə bağlı digər erməni fəalı kimi Edik Yeritsyanı qeyd
etmək olar. Onun sənədlərindən Kiprdə yerləşən Popat Holdings Ltd
üçün Ukio-da bank hesabının qeydiyyatı üçün istifadə edilmişdir. Bu
şirkət milyonlarla dollar dəyərində Laundromat əməliyyatlarında
iştirak etmişdir.
Yeritsyan OCCRP-yə bildirib ki, üç il əvvəl avtomobil qəzasından
sonra yaddaşını itirib və həyatının bəzi hissələrini
xatırlamadığını, lakin Ustyanla birlikdə Moskvada işlədikləri zaman
eyni mənzildə yaşadıqlarını qeyd etmişdir”.





























