
Bakı. Trend:
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika
yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən
qəzaların sayında kəskin azalma müşahidə edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən
Trend-ə verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel
ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində
respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol
nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 9 nəfər həyatını itirib,
39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü
ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz,
xəsarətlərin sayı isə 40 faiz azalıb.
“Qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti
gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və yollarda
gündəlik nəzarət tədbirləri həyata keçirib.
Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların
qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra
da fasiləsiz olaraq davam etdiriləcək”, – deyə əlavə edilib.





























