
Bakı. Trend:
İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dövlət
qulluğuna qəbul üçün aprelin 14-də keçirilmiş test imtahanında
müvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün aprelin
16-dan 29-dək bu linkə daxil olaraq müraciət
formasını doldurmalıdırlar.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat
verilib.
Qeyd edilib ki, namizədin təqdim etdiyi məlumatların
düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan”
edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda);
-ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı
təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin
qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş
sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə
yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin
(sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və
ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü
müddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdim
etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə
Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə,
habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı
altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak
edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən
namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin
tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi
şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.





























