
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçün
fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya
və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ali
təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili
ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd
verə bilərlər.
Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və ya
elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək
səviyyədə aparmağa qadir və “fəlsəfə doktoru” (elmlər namizədi)
elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul
edilirlər.
Dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin
magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə
etməklə), müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan, əsas
iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı
iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar
müraciət edə bilərlər. Dissertanturada hazırlıq UNEC-də işləməyən
şəxslər üçün ödənişlidir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq
istəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət
İmtahan Mərkəzində imtahan verəcəklər.
“Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə”
fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda
“məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana
buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr
2024-cü il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və
11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə
tutulur.
Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16
aprel – 15 may 2024-cü il tarixlərində www.portal.edu.az platforması
üzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf)
yüklənməlidir.
Qəbulla bağlı ətraflı məlumatı news.unec.edu.az saytının elanlar
bölməsindən və ya UNEC-in Doktorantura şöbəsinə müraciət edərək
öyrənmək olar.





























