
Bakı. Trend:
Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın təkmil inkişaf
modelini, hər bir sahədə zəngin təcrübəyə malik olmasını, islahatçı
ölkə kimi nüfuz qazanmasını, ən əsası qalib xalq və dövlət olaraq
yaratdığı yeni reallıqları təqdir edir. Azərbaycan ötən hər gün
sabitlik diyarı kimi qazandığı imicinə yeni-yeni əlavələr edir.
İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri
zamanı tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edən Azərbaycanın hazırda sözünün imzası
qədər dəyərli olması hər birimizi qürurlandırır. Təbii ki, hər bir
uğurumuzun əsasında xalq-Prezident birliyinin, həmrəyliyinin
sarsılmazlığı dayanır. Vətən müharibəsində tarixi Zəfərimizin
simvoluna çevrilən “dəmir yumruq” bu birliyin təqdimatı oldu.
Bütün bunları görməmək siyasi korluqdur. Bu uğurların fonunda
“sapı özümüzdən olan baltalar”ın öz şəxsi ambisiyalarının quluna
çevrilmələri, xarici himayədarlarının oyuncağı funksiyasını yerinə
yetirərək onların çaldığı havaya oynamaları, anti-Azərbaycan
dairələrin hazırladıqları ssenarilərin icrasının qarşılığında
alacaqları qrantlar uğrunda bir-biriləri ilə didişmələri hər kəsə
məlum olan faktlardır. Bu gün demokratik cəmiyyətin varlığını
şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan
hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin
müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin
yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun
keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya
ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi
ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. Amma uzun
illərin təcrübəsi sübut edir ki, radikallığı fəaliyyətinin əsas
istiqaməti kimi qəbul edən antimilli ünsürlərdən belə bir
konstruktiv mövqe gözləmək sadəlövhlük olardı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti yarandığı gündən xarici anti-Azərbaycan
dairələrin layihəsi olduğunu hər an büruzə verən və atdığı bütün
addımlarla bunu təsdiqləyən “Milli Şura” adlanan, əslində isə bütün
əməllləri ilə antixalq və antimilli mövqedə dayandığını təsdiq edən
üzdəniraq qurumun 21 aprel tarixinə planlaşdırdığı mitinq şousuna
yönəldib. Radikal ünsürlər xaricdəki anti-Azərbaycan qüvvələri
tərəfindən aldıqları mitinq sifarişini yerinə yetirmək istəyirlər…
Məlumdur ki, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma
yaratmaq, xalqda ölkə iqtidarına qarşı narazılıq formalaşdırmaq
dövlətimizin müstəqil siyasətini, davamlı uğurlarını həzm etməyən
xarici anti-Azərbaycan qüvvələrini düşündürən məsələlər olub.
Daxili bədxahlarımız həmin qüvvələrin maraqlarının ifadəçisinə
çevrildikləri üçün mitinq tapşırığını, necə deyərlər, canla-başla
qəbul edirlər. Dövlət maraqları bu ünsürlər üçün həmişə arxa planda
olub. Belə sifarişli mitinqləri keçirmək cəhdi müxalif düşərgədə
mövcud vəziyyətə də aydınlıq gətirir. Düşərgənin konstruktiv qanadı
belə sifarişlərə, onların icraçılarına hər zaman mənfi münasibətini
bildirir, dağıdıcı antimilli ünsürlərin siyasi meydanı tərk
etmələrini tələb edirlər. Müxalifətçilik anlayışının mahiyyətini
hələ də dərk etməyən Kərimov Əli kimi xain ünsürlər bu haqlı
tələblərdən nəticə çıxarıb siyasət meydanını tərk etmək əvəzinə
dövlətə, xalqa xəyanət yolunu tutmağı “qəhrəmanlıq” kimi qəbul
edirlər. Belələrinə xalqın verdiyi cavab dəyişməzdir. Siyasi
meydanın küncünə sıxışdırılan bu ünsürlər özlərinə cəsarət tapıb bu
meydanı tərk etməlidirlər.
YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, başları
Azərbaycan əleyhinə təbliğat aparmağa, uğurlarımıza qara eynəkdən
baxmağa qarışan qondarma “milli şura”çılar cəmiyyətdə ixtilaf
yaratmaq məqsədi daşıyan mitinq cəhdlərindən utanc hissi
keçirmirlər. Bu gün Azərbaycanda həyata keçirilən siyasətin
alternativi yoxdur. Xalqın öz Prezidentinə inamı sonsuzdur. Bunu
şərtləndirən amillər, təbii ki, göz qabağındadır. Dövlətimizin
qətiyyəti, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində
qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail
olunur. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Ərazi bütövlüyümüzün
və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcı
olmaqla yanaşı, həm də 7 fevral növbədənkənar prezident
seçkilərinin keçirilməsini şərtləndirdi. Bu seçkilər Azərbaycanın
uğurlarının, demokratik proseslərin sürətləndirilməsinin təqdimatı
oldu. Bunları inkar edib heç bir əsası olmayan iddialarla insanları
iğştişaşlar törətməyə çağırmaq bədnam “milli şura”çıların çirkin
niyyətlərinin daha bir iyrənc təzahürüdür. Bu gün xalq arasında
nüfuzu sıfırın altında olan Kərimov Əli kimi avantüristin guya
mitinqin zəruriliyi ilə bağlı fikirləri dağıdıcı ünsürlərin xəbis
niyyətlərini bir daha ifşa edir. Mitinq çağırışları ilə varlıqları
barədə görüntü yaratmağa çalışan kərimov əlilər 30 il öncənin
nostalji hissləri ilə yaşayırlar. Bu xain ünsürlər unudurlar ki, nə
Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin xalqdır.
Özləri, həmçinin sosial bazaları barədə böyük görüntü yaratmağa
çalışan bu ünsürlərin əvvəllər keçirdikləri mitinqlərə insanları
hansı yollarla topladıqları məlumdur. Həmin mitinqlərin
iştirakçıları bir qayda olaraq özlərinin ailə üzvləri idilər.
Dağıdıcı ünsürlərin zaman-zaman özlərinin mitinq şoularının
fiaskoya uğramasında hakimiyyəti günahlandırmaq cəhdləri
gülüncdür.
Vüqar Rəhimzadə vurğulayıb ki, dağıdıcıların 21 aprel
mitinq-şoularının tələblərinə diqqət yetirdikdə onların əsl
niyyətləri bəlli olur. Absurd tələblərin heç bir əsası yoxdur.
Azərbaycan sosial dövlətdir. Ölkəmizin iqtisadi inkişafı güclü
sosial siyasətlə tamamlanır. Minimum əməkhaqqının, pensiyaların,
digər müavinətlərin artırılması dövlətimizin sosial-iqtisadi
siyasətinin əsas göstəriciləridir. Digər tərəfdən, hazırda işğaldan
azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq
işləri dövlətimizin insan amilinə yüksək dəyər verdiyini bir daha
əyani surətdə nümayiş etdirir.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, regionda
və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına
çağırılması xəyanətdir. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ,
Avropa İttifaqı və Ermənistan görüşü də daxili bədxahlarımızın
xainliyinə işıq saldı. Regionda sülhə və təhlükəsizliyə maneə olan
bu görüşə antimilli ünsürlərin dəstəyi Qərbdəki anti-Azərbaycan və
ermənipərəst dairələrin “beşinci kalon”u hərəkətə gətirmək
niyyətini və ölkə daxilindəki sabitliyi pozmaq, xalq-iqtidar
birliyinə kölgə salmaq cəhdlərini nümayiş etdirdi. Azərbaycana
qarşı hər zaman belə cəhdlər olub. Lakin hər dəfə bu cəhdlər
dövlətimizin uğurlu siyasəti, xalqımızın birliyi, qətiyyəti
sayəsində iflasa uğrayıb.





























