Advertisement

Finaldan sonra nə etdiyimizi videolardan gördük – Vüqar Əzimov

Bakı. Trend:

Biz yarışlara, əsasən, yaxşı başlamırıq.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov Heydər
Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində
deyib.

O, Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığmasının
Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirində lisenziya şərh
edib:

“Çili yığması ilə ilk matçda onların oyunçularının zədələnməsi
bizim xeyrimizə bitdi. İkinci oyun Monqolustan komandasına qarşı
gərgin keçdi. Həmin matçda Tiffani Heys zədələndi, bu səbəbdən onu
Niderlandla qarşılaşmada meydana buraxmadıq. Çünki riski var idi,
əgər zədəli oynasa idi, yarımfinala çıxa bilməyəcəkdi. Finaldan
sonra nə etmişik, xəbərimiz olmayıb. Hər şeyi sonradan videolardan
gördük. Maksimum hər şeydən istifadə etdik. Federasiyanın
qarşısında duran əsas məqsəd Honkonqdakı turniri qazanmaq idi. Çox
şadıq ki, biz arzumuza çatdıq”.

– Yarımfinalda Polşa yığmasına deyil, Niderlanda qarşı
mübarizə aparsaydız, yenə də lisenziya qazanıla
bilərdi?

– ⁠Yarımfinalda məhz Niderlandla qarşılaşmaq istəyirdik. Son
Avropa çempionu olsalar da, oyun üslubumuza daha münasib bir
yığmadır. Amma Polşa millisi ilə qarşılaşdıq və istədiyimiz
nəticəni əldə etdik.

– ⁠Paris-2024 Yay Olimpiya Oyunlarına da eyni heyətlə
qatılacaqsız, yoxsa hansısa dəyişik olacaq?

– ⁠Bu çox aktual sualdır. Dünəndən demək olar ki, bütün
jurnalistlər bu sualı mənə ünvanlayıblar. Komandamızda 5 nəfər var.
Onlardan 4-ü Parisə yollanacaq. Təbii ki, bu, son yarış deyil.
İyunun əvvəlində Qəbələdə dünya turu keçiriləcək. Məşqçilər heyəti
həmin anda hansı basketbolçunu uyğun görsə, heyəti elə orda da
açıqlayacaq.

– ⁠Dünya turu keçən ildən fərqli, şimal bölgəsində
keçiriləcək. Qəbələ, Quba, Bakı və s. Bunun səbəbi
nədir?

– ⁠Bu dəyişikliyin əsas səbəbi basketbol idman növünü bölgələrdə
yayılması, kütləviliyin təmin edilməsi, xüsusilə də uşaqların bu
idman növünə olan maraqlarının artırılmasıdır.

Qeyd edək ki, millimiz Olimpiya Oyunlarında komanda yarışında
ilk dəfə təmsil olunacaq.