Advertisement

Məişət zəminində psixi zorakılıq hansı əməllərlə ifadə olunur?

Bakı. Trend:

Baş Prokurorluq məişət zəminində psixi zorakılıqla bağlı
suallara aydınlıq gətirib.

Məişət zəminində psixi zorakılıq dedikdə, bir yerdə yaşadığı
ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər
birgə yaşadığı şəxs tərəfindən psixi təzyiq göstərmə və ya dözülməz
psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər başa düşülür.

Bu kateqoriyadan olan zorakılıq aktları qəsdən törədilir və bu
hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanlarını alçaltmaq
və ya qorxu aşılamaq, manipulyasiya etmək, onların üzərində güc və
ya nəzarət göstərmək, psixi vəziyyətini idarə etmək və s. ibarət
olur.

Nəzərə almaq lazımdır ki, psixi zorakılıq birbaşa sözlərdən
istifadə etməklə yanaşı qurbanı qorxutmaq, idarə etmək və ya
hədələmək üçün qorxuducu üz ifadələri, jestlər və ya bədən dilindən
istifadə etməklə də törədilə bilər.

Məişət zorakılığında bəzi ümumi psixi zorakılıq hərəkətlərinə
bunları misal göstərmək olar:

1. Şəxsi kobud və ya sözlərlə alçaltmaq, onun özünə hörmət hissi
(ləyaqət) və başqalarının verdiyi dəyəri (şərəf) sarsıtmaq üçün
daimi tənqid, istehza və ya digər bu kimi ifadələrdən istifadə
etməklə təhqir etmək;

2. Faktları inkar etmək və ya təhrif etməklə şəxsin reallıq
qavrayışını manipulyasiya etmək, onun yaddaşı, qavrayışı və ya
ağlına şübhə ilə yanaşmaqla şəxsdə özünə şübhə və qeyri-reallıq
hissini aşılamaq, bacarıqlarını inkar etməklə qurbanda acizlik
hissi yaratmaq;

3. Qorxu və nəzarəti aşılamaq üçün şəxsin özünə və ya onun
yaxınlarına zərər vurmaq, zorakılıq etmək və ya qisas almaqla
hədələmək. Bu, əsasən əmlakın, şəxsi əşyaların məhv edilməsi,
müxtəlif şayiələr və ya yalanların yayılması ilə təhdid etməkdə
özünü göstərir. Həmçinin, hədə-qorxu qurbanın inancları, dəyərləri
və ya istəklərinə zidd olan müxtəlif tələb və ya istəkləri yerinə
yetirməyə məcbur etməklə bağlı ola bilər;

4. Şəxsin sosial qarşılıqlı əlaqələrinə, münasibətlərinə və
fəaliyyətlərinə nəzarət etmək və ya məhdudlaşdırmaq. Bu, əsasən
qurbanın dostları və ya ailəsi ilə görüşməsinə mane olmaq, onlarla
ünsiyyətinə nəzarət etmək və ya davranışlarına ciddi qaydalar yaxud
qadağalar tətbiq etməkdən, o cümlədən telefon zəngləri, e-poçtlar
və ya sosial media hesablarına həddindən artıq nəzarət etmək,
onların yerini izləmək və ya gündəlik iş rejimi və fəaliyyətini
mütəmadi olaraq diktə etməkdən ibarət ola bilər;

5. Qurbanı istər şəxsi münasibətlərdə, istərsə də başqalarının
gözü qarşısında utandırmaq və ya alçaltmaq. Bu, şəxsin ifadə etdiyi
fikirlərə alçaldıcı şərhlər vermək, qurbanın görünüşünü və ya
bacarıqlarını ələ salmaq və ya razılığı olmadan şəxsi məlumatları
ifşa etməkdə ifadə oluna bilər;

6. Qəsdən şəxsi müxtəlif dəstək və ya yardım mənbələrindən
təcrid etmək. Bu, şəxsin öz yaxınlarından, ailə üzvlərindən kömək
istəməsinə maneələr yaratmaq, onu psixi cəhətdən qeyri-sabit biri
kimi və ya etibarsız fərd kimi göstərməkdə ifadə oluna bilər;

7. Şəxsin emosional ehtiyaclarına, hisslərinə və ya
narahatlıqlarına məhəl qoymamaq, ona laqeyd yanaşmaq, anlayış
göstərməmək, qərəzli davranmaq (empatiya) yaxud dəstək verməkdən
imtina etmək. Bu hərəkətlər qurbanda emosional boşluq, tənhalıq və
laqeydlik hissi əmələ gəlməsi ilə nəticələnir;

Həmçinin, şəxsə cəza və ya nəzarət forması kimi sevgi yaxud
hörmət göstərməmək, emosional dəstək verməmək, qurbanın emosional
ehtiyaclarına məhəl qoymamaq, səssiz rəftar etmək və ya sevgi və
yaxınlıqdan məhrum olmaqdan ibarət ola bilər;

8. Şəxsin təqsiri və ya günahı olmasa belə, mütəmadi olaraq hər
hansı vəziyyət və ya xoşagəlməz nəticələr görə onu ittiham etmək,
günahlandırmaq, ona qarşı qərəzli və yalan ittihamlar irəli
sürmək;

9. Görünüşlər və ya jestlər vasitəsilə qorxutma: birbaşa
sözlərdən istifadə etmədən qurbanı qorxutmaq, idarə etmək və ya
hədələmək üçün qorxuducu üz ifadələri, jestlər və ya bədən dilindən
istifadə etmək. Bu, qurbanda qorxu və narahatlıq hissi yarada
bilər.