
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Beynəlxalq
Valyuta Fondunun (BVF) Yaz Sessiyası (IMF Spring Meetings)
keçirilir.
Trend xəbər verir ki, aprel
ayının 15-dən 20-dək davam edəcək tədbir çərçivəsində dünyanın
müxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət qrup üçün xüsusi
seminarlar təşkil olunub.
Seminarlarda Azərbaycandan yeganə təmsilçi kimi Trend Beynəlxalq
İnformasiya Agentliyinin baş redaktorunun müavini Ləman Zeynalova
dəvət olunub.
Seminarlarda BVF-in yüksək vəzifəli şəxsləri də iştirak
edirlər.
Qeyd edək ki, BVF-in yaz iclaslarında mərkəzi bankların
rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl
sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların
nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran
problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri,
yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı
mövzuları müzakirə edir.
Bundan başqa, bu görüşlərdə sənaye siyasətinə dönüş, inkişaf
etməkdə olan ölkələrdə vergi potensialının artırılması, enerji
subsidiyalarının ayrılması ilə əlaqədar islahatlar, Avropa və
Asiyada maliyyə sabitliyi üçün geoiqtisadi fraqmentasiyanın
nəticələri kimi mövzular diqqət mərkəzində olacaq. Həmçinin qlobal
maliyyə sabitliyi ilə bağlı yenilənmiş məruzə və dünya
iqtisadiyyatının perspektivlərinə dair hesabat təqdim olunacaq.





























