
Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati
ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq
sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən
edilib.
Trend xəbər verir ki, Baş
nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad
qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun
inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron
rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25
hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar
kateqori-yasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt
olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan
enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi bu Qərar ilə müəyyən edilmiş bərpa olunan
enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının
seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində
elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nıntələblərinə
uyğun həyata keçirsin.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı
məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən
edilmiş 34,5 hektar torpaq sahəsində külək elektrik stansiyasının
tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan
enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası
Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq
alınır.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi bu Qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin
gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə
müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.





























