Advertisement

Aİ liderləri Ukrayna, Yaxın Şərq və Türkiyəni müzakirə edəcəklər

Bakı. Trend:

Aprelin 17-18-də Brüsseldə keçiriləcək Aİ sammitində Aİ
ölkələrinin dövlət və hökumət başçıları gündəmdə olan xarici
siyasət məsələləri müzakirə edəcəklər.

Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasından
bildiriblər.

Məlumata əsasən, Ukrayna ilə bağlı müzakirədən əvvəl Ukrayna
prezidenti Volodimir Zelenskinin videobağlantı vasitəsilə çıxışı
olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa
liderlərinə sammitə dəvət məktubunda yazıb ki, Ukrayna ilə bağlı
“hərbi yardımımızın, xüsusən də hava hücumundan müdafiə
vasitələrinin təmin edilməsini intensivləşdirməyə təcili ehtiyac
var”.

Aİ liderləri Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçirəcəklər.
“Dərhal atəşkəs və girovların azad edilməsi, eləcə də Qəzzaya
maneəsiz, genişmiqyaslı humanitar yardımın təcili artırılması yolu
ilə Qəzzada faciəli böhrana son qoymaq üçün tərəfdaşlarımızla
işləmək öhdəliyimiz həlledici olaraq qalır”, – deyə Ş.Mişel
məktubunda bildirib.

Bundan əlavə, Aİ ölkələri başçıları Türkiyə ilə münasibətləri
müzakirə etməli olacaqlar. Türkiyə ilə bağlı strateji
müzakirələrin” “qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf
etdirilməsində strateji marağa” əsaslanacağı gözlənilir.