
Bakı. Trend:
“Unibank” KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə
göstəricilərini açıqlayıb. 31 mart 2024-cü il tarixinə Bankın
əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib. Hesabat dövrü
ərzində Bankın məcmu gəlirlərində artım qeydə alınıb. Belə ki, dövr
ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə
artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin
yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq,
rübün sonuna 7.4 milyon manat təşkil edib.
2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının
maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin
birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın
ümumi kredit portfelinin həcmi 11.4 % artıb.
Hər zaman olduğu kimi real sektorun kreditləşməsi “Unibank”ın
prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin
uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın
olub. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi
artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit
portfeli 27 %-dən çox artaraq, 184.7 milyon manata çatıb. Verilən
mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə
23 % artaraq, 57 milyon manata çatıb.
Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat
dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə
22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında
Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ilk rübünün
sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb.
Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyon
manatı ötüb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli
böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə
136 milyon manat artaraq, bu ilin ilk rübünün yekununda 684 milyon
manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək
verməkdə davam edir. 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə bu
ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların
həcmi 37% artaraq 922 milyon manatı keçib. Ümumilikdə isə ötən ilin
eyni dövrü ilə müqayisədə 2024-cü ilin ilk rübündə Unibank kart
sahiblərinin sayında 17.5 % artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın
paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət
şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və
sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar
tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-Sənin Bankın!



























