
Bakı. Trend:
Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu
“yaxşılıq gəmisi” dünən Mersin limanından yola düşüb.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyəti və
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən
hazırlanan yardımlar Misirin Əl-Ariş limanına, oradan da Rəfah
keçid-məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.
Məlumata görə, Suriya, Hindistan, Misir və Liviyadan olan 14
nəfərlik şəxsi heyətlə yola çıxan gəmi Qəzzaya 3 min 774 ton yardım
aparır. Yüklərin arasında hazır ərzaq bağlamalarından əlavə, 869
ton un, 14 min 700 bağlama uşaq bezi, 2 min yataq tulumu və 400 ton
müxtəlif yardım ləvazimatları var.
Türkiyədən Qəzzaya bu kimi yardım gəmilərinin müntəzəm olaraq
göndərilməsi nəzərdə tutulur.





























