Advertisement

Bu gün Başlıbel faciəsindən 31 il ötür

Bakı. Trend:

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Trend xəbər
verir ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu
işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 31 il ötür.

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər
tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel
kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən
qorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar. Onlar
kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də
ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra
onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14
nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər
isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara
dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra –
iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə
gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən
çıxa biliblər.

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin
Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya
ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında
da yer alıb.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi
Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin
şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında
dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş
həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri
müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.

Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel
qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və
bugünədək itkin hesab olunanlar var.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan
Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı
dağıdılaraq məhv edilib.