Advertisement

Altı müəssisədə gigiyena tələblərinin pozulması aşkarlanıb – AQTA sədri

Bakı. Trend:

Qiymətləndirmə nəticələrinə görə, 6 müəssisədə gigiyena
tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb. Hazırda 24
ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək
təsdiq olunub.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin
sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid
sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə
deyib.

AQTA sədri bildirib ki, bunlardan 246 müəssisədə video
inspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilmə
keçirilib:

“10 ölkədə yerində qiymətləndirilmə həyata keçirilib Rusiya
(30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan
(4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2), Latviya (1). Aparılan
qiymətləndirmə nəticələrinə əsasən 6 müəssisədə gigiyena
tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar
aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin
müvafiq qərarı ilə imtina edilib”.

Qida obyektlərinin təsdiqi sistemi üzrə ekvivalentliyi tanınmış
ölkələrə gəlincə, Q.Təhməzli qeyd edib ki, agentlik Kollegiyası
Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyən
məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı
müvafiq qərar qəbul edib:

“Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin
ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata
keçirilir”.