[ad_1]

Bakı. Trend:
Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan
siyasəti ilə üz-üzə olub. Lakin tarixi Zəfərimizdən və
suverenliyimizin tam təmin olunmasından ötən dövr ərzində bu
yanaşmanın daha açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır.
Demokratik prinsiplərin inkişafına xidmət etməli olan, əsl
həqiqətdə isə bu və ya digər dairələrin əlində təzyiq alətinə
çevrilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizlə
bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana
qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Belə ki,
bu beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə
heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Bu təşəbbüsün müəllifi
Sosialistlər siyasi qrupunun rəhbəri, almaniyalı deputat Frank
Şvabedir və həmin təşəbbüs təsdiqlənmişdir. Səbəblərə diqqət
yetirdikdə çoxsaylı suallar yaranır. Guya Azərbaycan qurumun
qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, eyni zamanda,
Avropa Şurası ilə əməkdaşlıqda maraqlı deyil. Frank Şvabe təşəbbüsü
irəli sürərkən çıxışında guya Qarabağın 100 mindən artıq erməni
əhalisnin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın
yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan
yayınması kimi qiymətləndirib. Bu təşəbbüs almaniyalı deputat
tərəfindən irəli sürülsə də heç şübhəsiz ki, onun arxasında AŞPA
rəhbərliyinin özü dayanır. Reallıq budur ki, bu gün AŞPA Almaniya
və Fransanın əlində oyuncağa çevrilib. Fransa bu təşkilatdan bir
siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks təbliğat
kampaniyası həyata keçirir. AŞPA-nın bu addımı Fransanın tarixi
Zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli
kampaniyasının davamıdır.
Bu fikirləri Trend-ə Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi
elmlər doktoru, professor Vüqar Rəhimzadə açıqlamasında
bildirib.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, qurum bu addımını müxtəlif
səbəblərlə əsaslandırmağa çalışsa da əsas səbəb Azərbaycanın tarixi
Zəfərini, Ermənistanın məğlubiyyətini həzm edə bilməməsidir. Sual
olunur: 23 illik üzvlük Azərbaycana nə verdi? Keçilən yola qısa
nəzər salsaq Avropa Şurasının zaman-zaman Azərbaycana qarşı qərəzli
yanaşma sərgilədiyini görərik. Bir müddət əvvəl saxta “siyasi
məhbus” məsələsini siyasi alverə çevirməklə ölkəmizə qarşı bir
təzyiq vasitəsi kimi gündəmdə dayanırdı. Avropa Şurasının
həmməruzəçilərinin mütəmadi olaraq Ermənistana dəstək xarakteri
daşıyan bəyanatlarla gündəmdə olmaları Azərbaycan tərəfinin haqlı
narazılığına səbəb olmaqla yanaşı, bu reallığın təkrar-təkrar
səsləndirilməsinə rəvac verdi ki, Avropa Şurası həmməruzəçilərdən
ibarət deyil. Təbii ki, quruma üzv dövlətlərin hamısının ölkəmizə
münasibətdə səmimi olmaması haradasa başadüşüləndir. Amma reallığı
inkar edib Azərbaycanı özlərinin fərziyyələrinə uyğun olaraq
ittiham etmək birmənalı qarşılana bilməz. Ermənistanın mütəmadi
olaraq qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsinə
görə səsvermə hüququndan məhrum edilməsi məsələsi dəfələrlə gündəmə
gətirilsə də bugünədək belə bir addım atılmayıb. Amma Azərbaycana
gəldikdə bu cür qərəzli və ikili standartlarla yanaşma ortaya
qoymaq həmin beynəlxalq təşkilatın əsl simasını ortaya qoyur. Bu
baxımdan ki, daim ədalətin, beynəlxalq hüququn yanında olan,
demokratik prinsiplərə böyük hörmətlə yanaşan, bu dəyərlərə
sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirən bir ölkəni səsvermə
hüququndan məhrum etmək qərəzdən başqa bir şey deyil.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu xatırlatmanı bir daha həmin
təklifin müəllifinə çatdırmaq istərdik ki, Azərbaycan 2001-ci ildə
Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə
sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirdi. Ümummilli Lider
Heydər Əliyev qurumun ilk sessiyasındakı çıxışında bu məqamı xüsusi
qeyd etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa,
Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir. Ulu Öndərin bu
fikirlərinin davamı olaraq isə cənab İlham Əliyev bildirir ki,
demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın
hərtərəfli inkişafının əsasıdır. Atılan addımlar hansısa beynəlxalq
təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi
üçündür.
Təbii ki, hər hansı bir quruma üzv qəbul olunarkən əməkdaşlıq
üçün qarşılıqlı öhdəliklər olur. 2001-ci ildən ötən 23 ildə
Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən götürdüyü
öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Bəs, AŞPA necə üzərinə
düşən öhdəlikləri yerinə yetiribmi? Qətiyyətlə və birmənalı şəkildə
deyə bilərik ki, yox!
Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan
addımların uğurlu nəticələri göz önündədir. Hazırda ölkəmiz 7
fevral tarixində keçiriləcək Prezident seçkiləri ərəfəsindədir.
Seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan bütün
addımlar atılır. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki,
seçkilərin azad, demokratik, beynəlxalq standartlara uyğun
keçirilməsini təmin edən Seçki Məcəlləsi qəbul olunarkən Azərbaycan
hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə müzakirələr
aparılaraq ümumi rəyə gəlinmişdi. Azərbaycan demokratik
təsistaların inkişafı istiqamətində atdığı addımlarda beynəlxalq
təcrübəyə əsaslanır və yeniliyə, təkmilləşməyə maraq göstərir.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2001-ci ildə
sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi
ermənipərəst, İslamofob, Azərbaycanofob qüvvələrin bu təşkilatdan
daim Azərbaycana qarşı vasitə kimi istifadə etmələrini açıq-aydın
sübut edir. Bəzi dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanda
ən kiçik bir olayı belə lupa ilə izləmələrinə, amma maraqlarının
həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi
işğalçı, demokratiya anlayışından bixəbər olan dövlətdə cərəyan
edən proseslərə göz yummalarına daim rəsmi Bakı tərəfindən sərt
reaksiya verilib. Əgər ədalət maraqların arxasında əriyirsə, bu
halda dünya güclərinin beynəlxalq hüququn norma və prinsiplərindən
xəbərsiz olduğunu necə söyləməyək, yaxud bu problemin mövcudluğunu
necə inkar edək. Görəsən, beynəlxalq hüququn norma və prinsiplərini
zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətlərinin əlində
oyuncağa çevrilən təşkilatlar heç bu suallar ətrafında
düşünürlərmi? Bəzi iri dövlətlərin və beynəlxalq təşkilatların hər
kəsə bəlli, özlərinə isə “təsadüf” kimi görünən ikili yanaşmalarına
Azərbaycan ictimaiyyəti daim sərt münasibətini nümayiş etdirib.
Dünya güclərinin ikili siyasətinə və bu yanaşmadan yaranan
Ermənistana dəstəyə işıq salan faktlar saysız-hesabsızdır. AŞPA
nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla
Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır.
Avropa Şurası nə üçün bir dəfə də olsun bir milyondan artıq
soydaşımızın pozulmuş hüquqlarını dilə gətirmədi? Postmünaqişə
dövrünün reallıqları sırasında yer alan Ermənistanın mina terroru
və bunun nəticəsində yüzlərlə insanın həlak olması və yaralanması
Avropa Şurasını bəs nə vaxt narahat edəcək? Azərbaycan nümayəndə
heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması bəzi Qərb
dövlətlərinin siyasi riyakarlığı və sifarişidir. Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin bəyanatında da qeyd edilir ki, bu
qurumdan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi
istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas
prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə
edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini
nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən
praktikaya çevrilib. Qurumda mövcud olan dözülməz irqçilik,
Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan
nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını
qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin bu
addımı artıq əksər dünya güclərinin açıq müstəviyə keçən ikili
standartlara əsaslanan siyasətinə ciddi etiraz və mesajdır.
Azərbaycana qarşı qarayaxma kampaniyasının bir mərkəzdən
koordinasiya olunması inkaredilməzdir. Son hadisələrə qısa nəzər
salmaqla bunu bir daha təsdiqləyə bilərik. ABŞ Dövlət
Departamentinin dünya ölkələrində insan hüquqlarına dair vəziyyətlə
bağlı hesabatı, ABŞ Konqresinin ədalətsiz 907-ci düzəlişin
fəaliyyətinin bərpası məsələsini qabartması, Fransanın tarixi
Zəfərimizdən sonra səngiməyən qərəzli kampaniyaları və simasızlığı,
bunun tərkib hissəsi olaraq bu günlərdə Fransa Senatının qəbul
etdiyi qondarma qətnamə, Avropa Parlamentinin ölkəmizdə keçiriləcək
prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina etməsi,
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali
nümayəndəsi Cozef Borrellin utanmadan Azərbaycanı Ermənistana qarşı
təcavüzdə ittiham etməsi və sair kimi ikili standartlardan irəli
gələn addımları… Atılan belə addımların, qəbul olunan qərarların
və qətnamələrin Azərbaycan üçün heç bir önəmi yoxdur. AŞPA-nın
hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul
olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş
Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.
Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü
belə bir əhəmiyyət kəsb etmir. Təbii ki, işğalçı ilə işğala məruz
qalan dövləti eyni vaxtda üzv qəbul edən bir qurumdan ədalət
gözləmək sadəlövhlük olardı. Azərbaycan 23 ildə daim bu
ədalətsizliyin, qərəzli yanaşmanın şahidi olub.
[ad_2]
Source link






























Leave a Reply