Advertisement

Fransada insan hüquqları açıq şəkildə tapdalanır (FOTO)

Bakı. Trend:

Parisdə Yay Olimpiya Oyunları yaxınlaşdıqca evsizlərin
narahatlığı daha da artır. Onlar körpülərin altında və ya şəhərin
hər hansı bir küncündə açıq səma altında özlərinə yer edən kimi
Fransa hüquq–mühafizə orqanları tərəfindən qovulurlar.

Trend xəbər verir ki, TF 1 telekanalının yaydığı məlumata görə,
bu dəfə polis və jandarmlar Paris bölgəsində ən çox evsizin (SDF)
bir arada olduğu rayonda sığınacaq tapmış 450 evsiz insanı təxliyə
etmək üçün əməliyyata başlayıb.

Əməliyyata 250 polisin səfərbər edildiyi bildirilir. SDF-lərin
bəziləri əvvəlcədən xəbərdar olduqları üçün həmin məkanı bir gün
əvvəl tərk ediblər. Digər 300 evsiz insan – kişilər, qadınlar,
uşaqlar bu xəbəri eşidən kimi oradan getməyə başlayıb.

Xatırladaq ki, Fransa hakimiyyəti sözügedən əməliyyatlara
2023-cü ildən başlayıb. Ölkədə fəaliyyət göstərən 80-dək
qeyri-hökumət təşkilatı və assosiasiyalar bu əməliyyatları
pisləyir, onu sosial təmizləmə adlandırırlar. Evsiz insanların
əksəriyyətinin işlədiyi, ancaq onlara kirayə mənzil verilmədiyi
bildirilir. Yüzlərlə insanın isə sosial mənzil gözlədiyi qeyd
edilir. Onlar hətta çoxmərtəbəli binaların pilləkənləri altında və
dəhlizlərdə geçələməyə məcbur olurlar. Parisdə işləyən evsizlərin
bəzən digər uzaq şəhərlərə göndərildiyi deyilir.

Göründüyü kimi, ən ağır və çirkli işləri görən bu insanların
hüquqları özünü “demokratik və hüquqi dövlət” hesab edən Fransada
açıq şəkildə tapdalanır.