
Bakı. Trend:
Bu gün Qərb dövlətləri müasir müstəmləkəçilik siyasətləri ilə
bir çox insanlıq əleyhinə cinayətlərin təşkilatçılarıdırlar.
Onların “demokratiya ixracı” imperializm siyasətinin örtüyüdür.
Fransa təkcə Afrikadakı 14 keçmiş müstəmləkə ölkəsindən “müstəmləkə
vergisi” olaraq illik təmxinən, 400-500 milyard dollar qazanc əldə
edir.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Yeni
Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək”
mövzusuna həsr edilmiş elmi konfransda İnsan hüquqları komitəsinin
sədri Zahid Oruc bildirib.
O qeyd edib ki, bu ölkələr Benin, Burkina Faso, Kot d`İvuar,
Qvineya, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika
Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabondur.
“Onlar öz illik gəlirlərinin 85%-ni Fransa Bankına köçürməyə
məcburdular. Geri qalan 15%-ni isə öz daxili ehtiyacları üçün
xərcləyirlər. Sonra Fransa Xəzinəsindən borclanırlar. Yelisey
etirazçı hökumətləri dərhal devirir, belə ki, son 50 ildə 26 Afrika
ölkəsində 67 çevriliş hadisəsi baş verib.
Hazırda 13 dənizaşırı ərazini də öz müstəmləkəsi kimi idarə edən
Fransa Yeni Kaledoniya adasında da bənzər müstəmləkə siyasəti
yürüdür.
1853-cü ildən bəri Fransanın müstəmləkəsi olan, 270 minlik
əhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir.
Yerləşmə məntəqəsi onun Hind Okeanı və Sakit Okeanı arasında keçid
məntəqəsi olaraq strateji əhəmiyyətini artırır. Ümumiyyətlə, böyük
dövlətlərin bu cür ada dövlətlərdən istifadə edərək Hind-Sakit
okeanı hövzəsində “kiçik ada strategiyaları” qurduğu bəllidir”, –
deyə Z.Oruc bildirib.
O bildirib ki, bu strategiya imperial maraqların təminatçısı
olaraq burada hərbi bazaların yerləşdirilməsi ilə mümkün olur.
“Bu gün Yeni Kaledoniya Fransanın Sakit Okeanda hərbi gücünün
cəmləşdiyi əsas məkanlardan biridir. Burada hazırda 1600 fransız
hərbçisi yerləşir və iqtisadi istismarı həmin güclər vasitəsilə
təmin olunur. Fransa bu zonalarda indiyədək yüzlərlə nüvə sınaqları
keçirib və ərazi çirklənib. Yeni Kaledoniya zəngin dəniz məhsulları
və nikel yataqları ilə tanınır. Dünyanın nikel ehtiyatlarının 25%-i
burada yerləşir.
Ümumiyyətlə, Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsi
indiyədək 3 dəfə səsvermənin keçirilməsinə səbəb olsa da, guya
yerli əhali müstəqilliyə səs verməyib. Ən son 12 dekabr 2021-ci
ildə Yeni Kaledoniya müstəqillik üçün referendum keçirib və 96,5%
əhali “yox” cavabı vermişdi. Fransa adada hərbi-iqtisadi
imkanlarını itirməkdən qorxduğu üçün tələm-tələsik “referendum”
təşkil etmişdi. Lakin nəticələr reallığı əks etdirmir. Belə ki,
Yeni Kaledoniyada müstəqillik uğrunda son 2024-cü ilin mart ayında
təşkil olunan etiraz mitinqində 32 min nəfər iştirak etmişdir.
Bundan öncə 2023-cü ilin noyabr ayındakı bənzər mitinqdə 10 min
etirazçı vardı.
Bu mitinqlərdə Azərbaycan bayrağının ucaldılması təbii və
məntiqi hadisədir. Çünki ona qədər müxtəlif dairələrdə aşkar
eqoizmlə qarşılanan belə əlaqələr indi səfirlərinin geri
çağırılmasında səbəblərdən biri kimi vurğulanır. Yeni Kaledoniyanın
müstəqillik uğrunda hərəkatının canlanmasında Azərbaycanın 44 gündə
qazandığı parlaq Qələbənin təcavüzə məruz qalan bütün dünya
xalqlarına təsirinin rolu danılmazdır.
Qarabağın azadlığı ilə Cənubi Qafqazı koloniyasına çevirməyə
çalışan bir çox dövlətlərə, o cümlədən, Fransanın maraqlarına zərbə
vurulub. Xankəndinin azadlığı Yeni Kaledoniyanın müstəmləkədən
qurtulmasına da zəmanət verir. Ona görə də rəsmi Paris
Ermənistandan koloniya düzəldərək, onun üzərində Qafqazda
istimarçı-monopoliyanı qoruyub saxlamağa çalışır. Lakin
neokolonializmlə mübarizəyə Azərbaycanın töhfəsi 44 günlük Qurtuluş
savaşında olduğu kimi uğurlu nəticə verəcəkdir”, – deyə o
bildirib.





























