
Vaşinqton. Trend:
ABŞ iqtisadiyyatını Aİ iqtisadiyyatından üç amil
fərqləndirir.
Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı
direktoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaz
iclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.
“Hamımızın bildiyi kimi, inflyasiyanın artmasından öncəki son
onilliklər ərzində faiz dərəcələri zaman-zaman çox aşağı, bəzən isə
hətta mənfi olub. Müxtəlif ölkələrdə məhsuldarlığa və iqtisadi
artıma təsir göstərən bir çox faktor var. Məhsuldarlığın ləngiməsi
iqtisadi artımın ləngiməsinin yeganə səbəbi deyil. Digər amillər də
var. Beləliklə, niyə ABŞ-də vəziyyət Avropadakından daha yaxşıdır?
ABŞ iqtisadiyyatını fərqləndirən üç amil mövcuddur. Bunlardan biri
innovasiyaların gücü və innovasiyaların biznesin inkişafı üçün nə
qədər asanlıqla tətbiq olunmasıdır, sonra isə onların istifadə
miqyası genişlənir. Biz bilirik ki, Avropada innovasiyaların
potensialını kəşf etmək üçün hələ çox iş görmək lazımdır”, – o
deyib.
Georgiyevanın sözlərinə görə, ikincisi, ABŞ xaricdən gələn işçi
qüvvəsinin çoxluğundan qazanır.
“Bu, daxili siyasi problem yaradır və sərhədi keçən heç də hər
kəs iqtisadiyyata müsbət töhfə vermir, lakin işçi qüvvəsinin təklif
olunması ABŞ-yə daha bir müqayisəli üstünlük verdi: işçi qüvvəsi
çatışmazlığı səbəbindən güclü təzyiqin olmadığı üçün əmək haqları
artmır. Üçüncü, səbəb isə ABŞ-nin enerji daşıyıcıları baxımından
daha əlverişli şərtlərdən yararlanmasıdır ki, bu da Avropa üçün
olduqca ciddi amildir. İnsan kapitalına daha çox investisiyaları
buna əlavə etsək, işçi qüvvəsini daha çevik və dinamik edə,
həmçinin kapital bölgüsünü daha səmərəli həyata keçirə bilərik ki,
bu da məhsuldarlığın artmasına səbəb olacaq”, – deyə o əlavə
edib.
Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta
Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə
başlayıb.
Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel
tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində
keçiriləcək.
BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə
Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və
BVF-in fəaliyyəti müzakirə olunacaq.
BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və
inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş
cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya
gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya
iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması
və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























