
Bakı. Trend:
16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA
Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi
imzalanıb.
Trend xəbər verir ki, sənədi
SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin
Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho
imzalayıblar.
Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında
Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş və yaşıl
hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər
potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında
Sazişin imzalandığı məmnunluqla qeyd olunub.
Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə”
layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq)
potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə
tutduğu qeyd edilib. Sazişə əsasən, “ACWA Power” şirkətinin “Aşağı
karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl
hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı
vurğulanıb.



























