Advertisement

Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2024-cü ildə güclü olaraq qalacaq – Cihad Azur

Vaşınqton. Trend:

Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2024-cü ildə güclü
olaraq qalacaq.

Trend xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi
Asiya Departamentinin direktoru Cihad Azur bu gün Vaşinqtonda
BVF-nin yaz iclasları çərçivəsində keçirilən brifinq zamanı
bildirib.

“Yaxın Şərqdə və Şimali Afrikada artım münaqişələr, aşağı neft
hasilatı, ticarətin pozulması və yüksək borcla dayandırılır.
Risklər son dərəcə yüksəkdir. Qafqazda və Mərkəzi Asiyada müsbət
ticarət və maliyyə axını ilə dəstəklənən artım güclü olaraq qalır.
Qafqaz və Mərkəzi Asiyada artımın 2024-cü ildə 3,9 faiz, 2025-ci
ildə 4,8 faiz, Yaxın Şərq və Şimali Afrikada isə 2024-cü ildə 2,7
faiz, 2025-ci ildə 4,2 faiz olacağı gözlənilir”, – deyə o qeyd
edib.

C.Azur qeyd edib ki, hətta böyük münaqişədən 10 il keçsə də,
Yaxın Şərq və Mərkəzi Asiyada adambaşına düşən gəlir münaqişədən
təsirlənən digər ölkələrlə müqayisədə təxminən 10 faiz aşağı olaraq
qalır:

“Yaxın Şərq və Şimali Afrikada, eləcə də Qafqaz və Mərkəzi
Asiyada qeyri-bərabər bərpa gözlənilir. Əksər ölkələrdə inflyasiya
qlobal tendensiyalara uyğun olaraq azalsa da, artım perspektivləri
ölkələr üzrə fərqlidir. Yaxın Şərq və Şimali Afrikadan başlayaraq
Qəzza və İsraildəki qarşıdurma böyük iztirablara səbəb olub. Bundan
əlavə, Qırmızı dənizdə daşımaların dayandırılması mövcud
zəiflikləri daha da artırıb”.

O əlavə edib ki, münaqişələr bəzi qeyri-stabil, aşağı gəlirli
ölkələrdə fəaliyyətə mənfi təsir göstərir:

“Təhlillərimiz göstərir ki, münaqişə təkcə uzunmüddətli insan və
sosial xərclərlə nəticələnmir, həm də digər ölkələr üçün potensial
nəticələrlə böyük və daimi istehsal itkilərinə səbəb ola bilər. Bu
il Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi artımın sabit
qalacağını proqnozlaşdırırıq. Bundan əlavə, ticarətin istiqamətinin
dəyişdirilməsi Qafqaz və Mərkəzi Asiya regionunda ticarəti
dəyişir”.

O qeyd edib ki, ikinci problem inflyasiyadır:

“İnflyasiya qlobal tendensiyalara uyğun olaraq azalır və bir çox
iqtisadiyyatlarda tarixi tendensiyalara yaxınlaşır, hazırda
ölkələrin təxminən 1/3-i orta səviyyəyə yaxın və ya aşağıdadır və
əksər iqtisadiyyatlarda pul sərtləşdirmə dövrləri başa çatmış kimi
görünür. Gələn il Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya
hədəfdən aşağı və ya ona yaxın olacaq. İnflyasiyanın 2024-cü ildəki
7,7 faizdən gələn il 7,1 faizə düşəcəyi proqnozlaşdırılır”.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta
Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə
başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel
tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində
keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə
Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və
BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və
inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş
cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya
gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya
iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması
və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.