
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yuxarı
Şirvan suvarma kanalının infrastrukturunun bərpası, mövcud
təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli
şəkildə həllinin yaxşılaşdırılması, su ehtiyatlarından daha
səmərəli istifadə olunması, magistral kanalın suburaxma
qabiliyyətinin artırılması məqsədilə 8 aprel tarixində Şirvan
suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı
dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Şirvan su kanalının açılışı gələcəkdə kənd təsərrüfatımıza
müsbət təsir göstərəcək. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa
edilmiş və uzun illərdir fəaliyyət göstərir. Ölkəmizdə yeni-yeni
infrastruktur layihələrin icrası həyata keçirilir və onlardan biri
də Şirvan suvarma kanalının yenidən qurulmasıdır. Şirvan kanalı
suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük
layihədir. Gələcəkdə Şirvan suvarma kanalı 10 rayonun su problemini
həll edəcək.
Cənab İlham Əliyev 16 aprel tarixində Hacıqabul rayonunda
yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində
çıxış edərək bildirmişdir ki, “Yuxarı Şirvan kanalı 1958-ci ildə
inşa edilmişdir və bu gün kanalın, – artıq bu kanal Şirvan kanalı
adlandırılır, – yeni mərhələsi başlayır. Faktiki olaraq kanal
yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən
faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə
artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə
isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230
min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni
suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8
rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son
nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10
ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən
sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri
olacaqdır”. Qeyd etmək lazımdır ki, ölkəmizdə Şirvan və Qarabağ
kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları
olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. 30 il ərzində
işğalçı Ermənistan təkcə bizim torpaqlarımızı deyil eyni zamanda su
resurslarımızı da işğal etmişdir. 44 günlük Vətən müharibəsində
şanlı qələbəmiz nəticəsində ölkəmizin təbii resursu olan su
mənbələrimizə tam sahib olduq. Qarabağ və Şərqi Zəngəzurda mövcud
olan su resursları ümumi su resurslarımızın 25%-ni təşkil edir.
Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə
bərabər eyni zamanda kənd təsərrüfatı inkişaf etdirilir. Gələcəkdə
Xəzər dənizinin (gölünün) suyunun duzsuzlaşdırılması layihəsi də
ölkəmiz üçün çox önəmlidir. Xəzər dənizinin (gölünün) suyundan
suvarma həm də içməli su kimi istifadə ediləcəkdir.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























