
Bakı. Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
(XRİTDX) hazırladığı “Cyber Poligon” layihəsi NATO tərəfindən
təsdiqlənib.
Bu barədə Trend-ə XRİTDX-dən məlumat verilib.
Buxarest Parlament Sarayında baş tutan Rəqəmsal İnnovasiyalar
Sammitində təşkil olunmuş “Kritik İnfrastrukturların Mühafizəsi –
2024” Beynəlxalq Konfransında Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxış
edib.
O, “Enerji infrastrukturlarının fəaliyyətində dayanmalar zamanı
fövqəladə hallara hazırlıq” mövzusunda baş tutmuş panel
müzakirələrində ölkəmizdə bu sahədə ötən ilk keçirilmiş “Critical
Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində ilk
dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə
qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin
idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə”
yarışının keçirilməsindən bəhs etmişdir. T. Məmmədov, kritik
informasiya infrastrukturlarında informasiya təhlükəsizliyinə məsul
komandalar üçün təlim xarakterli belə kibermüharibə yarışlarının
təşkilinin faydasından danışmaqla, texniki təlimlərlə yanaşı üst
səviyyə idarəçilər üçün də böhranın idarəedilməsi mövzusunda “Table
Top Exercises” təlimlərinin keçirilməsinin fövqəladə vəziyyətlərdə
adekvat və sürətli qərarların alınması baxımından mühüm əhəmiyyət
daşıdığını vurğulayıb.
Eyni zamanda T. Məmmədov kritik enerji infrastrukturlarında
informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın
İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə
hazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm
proqramı tərəfindən təsdiqləndiyini və 2024-cü ilin may ayından
etibarən 2 illik müddətinə başlayacağını elan edib.



























