
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları
operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava
Limanları Şurasının (Airports Council International, ACI Europe)
sıralarına qoşulub. Bununla yanaşı, Azərbaycanın digər hava limanı
Gəncə Beynəlxalq hava limanı da şuraya üzv seçilib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat
xidmətindən Trend-ə məlumat verilib.
Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə “Azərbaycan
Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və ACI World
təşkilatının baş icraçı direktoru Luis Felipe de Oliveyranın
iştirakı ilə dünya səviyyəli hava limanı konfransı və sərgisi olan
Passenger Terminal Expo 2024 çərçivəsində keçirilib. Görüşdə rəsmi
olaraq ACI Europe-a üzvlük sertifikatı təqdim olunub. Aeroport
xidmətlərinin keyfiyyətinin və sərnişin təcrübəsinin yüksəldilməsi
üçün əməkdaşlığın vacibliyi vurğulanıb.
“Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulmaq bizim üçün
yeni üfüqlər açan əlamətdar hadisə olmaqla yanaşı, inkişaf və
təkmilləşmə istiqamətində mühüm addımdır. Bu, bizə xidmət
keyfiyyətini daha da yaxşılaşdırmaq, qabaqcıl təcrübələri tətbiq
etmək və qlobal aviasiya arenasında mövqeyimizi gücləndirmək imkanı
verəcək”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir
Rzayev bildirib.
“ACI Avropa Şurası tərəfindən təmsil olunan ümumavropa hava
limanı ictimaiyyəti adından Azərbaycanın paytaxtı Bakıya xidmət
göstərən əsas qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna
səmimi salamlarımı çatdırmaq istərdim. Dayanıqlılıq və
karbonsizləşdirmə, maliyyə və əməliyyat dayanıqlığı və xidmət
göstərdiyimiz icmalar üçün rəqabətədavamlı əlaqələrin inkişaf
etdirilməsi də daxil olmaqla, sənaye üçün vacib məsələlər üzrə hava
limanı ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, –
Beynəlxalq Hava Limanları Şurasının (ACI Avropa) baş direktoru
Olivye Yankovets bildirib.
Qeyd edək ki, ACI Europe qabaqcıl təcrübələrin
bölüşdürülməsində, konfransların və sərgilərin təşkilində, hava
limanlarında innovasiyaların və texnoloji yeniliklərin təşviqində
mühüm rol oynayır. Azərbaycanın aeroportlarının Hava Limanları
Şurasına qoşulması dünya hava limanları ilə fəal əməkdaşlıq üçün
unikal imkanlar açır, o cümlədən qlobal aviasiya siyasətinin və
qanunvericiliyin inkişafına töhfə verir. Həmçinin, Bakı və Gəncə
aeroportları hava limanlarının təkmilləşdirilməsi, ötürmə
qabiliyyətinin artırılması, menecerlərin peşəkar akkreditasiyası və
müştərilərə xidmət üzrə akkreditasiya proqramlarında iştirak hüququ
əldə edəcəklər.
Dünyanın 1925 aeroportunun kollektiv mövqeyini təmsil edən ACI
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Hava
Nəqliyyatı Assosiasiyası (IATA), Mülki Hava Naviqasiya Xidmətləri
Təşkilatı (CANSO), Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi
Təşkilatı (Eurocontrol) və aviasiya sənayesinin digər əsas
oyunçuları ilə də əməkdaşlıq edir.



























