
Bakı. Trend:
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri
başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə
bağlı bəyanatla çıxış ediblər.
Trend xəbər
verir ki, G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülh
prosesinə sadiq qalmağa çağırıb.
“Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik,
sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət
prinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçün
sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, – bəyanatda
deyilir.
Bundan başqa, Azərbaycan və Ermənistanın 2023-cü il 7 dekabr
tarixli birgə açıqlaması qeyd olunub və G7 ölkələri tərəfləri bu
əməkdaşlıq ruhunu qorumağa çağırıb.
Həmçinin, G7 ölkələrinin Azərbaycan və Ermənistan arasında bütün
səviyyələrdə, xüsusən müəyyən edilmiş danışıqlar mexanizmləri
çərçivəsində gələcək konstruktiv təmasları dəstəkləməyə hazır
olduğu bildirilib.
“Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və
suverenliyini tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyin
vacibliyini bir daha təsdiqləyirik. Regional əməkdaşlığın
genişləndirilməsi və bütün sərhədlərin, o cümlədən
Ermənistan-Türkiyə sərhədinin açılmasına çağırırıq”, – bəyanatda
qeyd olunub.
Qeyd edək ki, təşkilatın bu mövzuya həssaslığı regionda sülhün
hökm sürməsi nöqteyi-nəzərdən təqdirəlayiqdir. Sual yaranır, bəs,
niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanın
işğalı altında olarkən bir dəfə də olsun, suverenliyə hörmət,
sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini
xatırlamır, bu barədə düşünmürdülər?





























