
Bakı. Trend:
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Klaudio
Taffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə
əlaqədar qəbul edib.
XİN-dən Trend-ə verilən
xəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında mövcud
çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn
məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan
və İtaliya arasında münasibətlərin inkişafı istiqamətində
göstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, ona
gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.
İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi,
ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar,
mədəni, humanitar və s. istiqamətlər üzrə çoxölçülü strateji
tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud Strateji
Dialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətə
çatdırılıb. Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər və
təmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsinin
əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı
məlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizə
sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa
əlavə töhfə verəcəyi bildirilib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar,
işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq
işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs
edən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamanda
sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib. İtaliyanın
mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə
təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir
sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd
olunub.
Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyəti
dövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığını
bildirib, bundan sonra da Azərbaycan və İtaliya arasında
tərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.





























