Advertisement

Prezident İlham Əliyevdən növbəti tarixi zəfər: bir güllə atılmadan Qazaxın 4 kəndi qaytarılır – ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyevin siyasəti Azərbaycana qələbələr
gətirməkdə davam edir. 44 günlük Vətən müharibəsindən sonra bir
güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam rayonları işğaldan azad
olunduğu kimi, bu gün erməni işğalı altında qalmış 4 qeyri-anklav
kəndimiz də qaytarıldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər
Badamov
deyib.

Onun sözlərinə görə, Qərb sərhədlərimizin delimitasiyası
prosesinə mane olmağa çalışırdı.

“Amma ölkə başçımızın dəyişilməz mövqeyi və siyasi iradəsi
Ermənistanı delimitasiyaya məhz Qazax rayonundan başlanmasına razı
salmasına yol açdı. Azərbaycan 3,5 il əvvəl müharibənin başa
çatdığını və qalan məsələləri sülh danışıqları yolu ilə həll
olunmasını dəstəklədiyini bəyan etsə də, Qərb Azərbaycanın
Ermənistana yenidən hücum edəcəyi ilə bağlı reallığa söykənməyən
təxribat xarakterli informasiyalar dövrüyyəyə buraxmaqda davam
edirdi. Bu gün 4 kəndimizin qaytarılması prosesinin baş tutması
Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqların
daha uğurlu olduğunun sübutudur. Qərb bizim işlərimizə qarışmasa
biz öz münasibətlərimizi qısa zaman kəsiyində formalaşdıra bilərik.
O cümlədən bəzi fikir ayrılığı yaradan məsələləri də bizim öz
aramızda həll etməyimizdə heç bir problem görmürəm. Azərbaycanla
Ermənustan arasında delimitasiya prosesinin uğurla davam
etdirilməsi ölkələrimizi sülhə daha da yaxınlaşdırır. Mən inanıram
ki, yaxın zamanda ölkələrimiz əməkdaşlıq və qonşuluq
münasibətlərinin formalaşması mərhələsinə keçid edəcəkdir. Təbii
ki, bütün bu uğurların müəllifi Prezident İlham Əliyevdir”, – deyə
o əlavə edib.

Politoloq İlyas Hüseynov Trend-ə isə bildirib ki, bu gün şərti
sərhəddə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin
Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın
sədrliyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının səkkizinci iclası
keçirilib.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi
Komissiyası baş tutub. 30 ildən artıq Ermənistanın işğalı altında
olan Qazax rayonunun anklav olmayan kəndlərinin bir güllə də
atılmadan Azərbaycanın nəzarətinə qaytarılması təmin edilib!

Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin
geri qaytarılması ilə bağlı mühüm məsələnin təşəbbüskarı oldu. O
vaxtdan bu istiqamətdə aktiv işlərə başlanılıb. Bu gün biz
ölkəmizin milli maraqlarını əks etdirən bu genişmiqyaslı prosesin
məntiqi yekunlaşmasının şahidi oluruq.

Bu addım sərhədlərin delimitasiyası prosesinin başlanğıcını
qoydu və onun ilk addımları məhz Qazax rayonunda atıldı. Azərbaycan
strateji əhəmiyyətini vurğulayaraq delimitasiyaya məhz bu ərazidən
başlamaqda israr etdi”, – politoloq vurğulayıb.

O qeyd edib ki, Avropa İttifaqı, ABŞ və bir sıra Qərb ölkələri
delimitasiya prosesinə təsir göstərməyə çalışsalar da, Azərbaycan
onların müdaxiləsinin qarşısını ala bildi.

“Nəticədə Azərbaycan və Ermənistan ortaq dil tapdılar və ortaya
çıxan məsələləri müstəqil şəkildə həll etməyə qadir olduqlarını
sübut etdilər. Beləliklə, Qərbin “sülhməramlıları”
Azərbaycan-Ermənistan dialoquna nə qədər az müdaxilə etsələr,
Cənubi Qafqaza sülh və firavanlıq bir o qədər tez gələcək.

Bu hadisə 2023-cü ilin sentyabrından sonra Azərbaycanın Qarabağ
üzərində suverenliyinin yekun təsdiqi və Rusiya sülhməramlı
kontingentinin ölkə ərazisindən çıxarılması da daxil olmaqla mühüm
qələbələr silsiləsində yeni həlqə oldu. İndi bu sıraya dörd
Azərbaycan kəndi üzərində nəzarətin qansız qaytarılması da əlavə
edilir. Biz bir daha şahidi oluruq ki, Prezident İlham Əliyev
tərəfindən nəzərdə tutulan bütün təşəbbüslər ölkəmizin maraqlarını
tam əks etdirir.

Fransa və bir sıra digər Qərb dövlətlərinin Azərbaycanın guya
Ermənistana hücuma hazırlaşdığı və bu ölkənin ərazisində hərbi
ambisiyaların olması ilə bağlı yaydığı təbliğat nəhayət ki, təkzib
olundu. Bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir
əlaqəsi olmayan çirkin oyunun və yalançı təbliğat kampaniyasının
tərkib hissələrindən başqa bir şey deyildi.

Əminliklə deyə bilərik ki, bu, Azərbaycanın və onun Prezidenti
İlham Əliyevin növbəti parlaq qələbəsidir. Qələbərimiz mübarək!“,-
deyə o yekunlaşdırıb.