Advertisement

Energetika naziri BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi”ndə “yaşıl enerji” təşəbbüslərindən danışıb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş
Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji
əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji
sistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib.

Trend Energetika Nazirliyinə
istinadən xəbər verir ki, çıxışda Azərbaycanda keçiriləcək COP29-un
ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq
əməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerji
səmərəliliyinin artırılmasını, xalis sıfır emisiyyalı enerji
sistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm
platforma olacağı vurğulanıb.

Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı
hesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidi
sürətləndirən təşəbbüslərə liderlik etdiyi, “Qlobal Metan Vədi”nə
qoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlim
dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyi qeyd edilib. Enerji
təhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa
olunan enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmiz
ətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsas
hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini
möhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. Bu sahədə qabaqcıl
ölkə olmağı hədəfləyən ölkəmizin beynəlxalq enerji şirkətləri ilə
28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin
2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda
elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını
33%-ə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerji
sisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib. “Bu
çərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək
stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhədə 5
QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara
dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və
Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi
Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə
əhəmiyyətli addımlar atılır.”

Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpa olunan
enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030
Gündəliyi” ilə yanaşı, post-münaqişə quruculuğu kontekstində
yanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larının
yaradılmasına da təkan verib. “Qarabağ və Şərqi Zəngəzurun,
həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizi
xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun
əhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrə
fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı
möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi
transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini
verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,”
deyə nazir əlavə edib.