
Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı
münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli
məsələləri həll etməyə çağırır.
Trend xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi
nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“O (Baş katib), aprelin 19-da Ermənistan və Azərbaycan arasında
dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları
arasında əldə edilmiş razılaşmanı alqışlayır”, – deyə məlumatda
bildirilir.
“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası
və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam
normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll
etməyə çağırır”, – Düjarrik əlavə edib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.





























