Advertisement

Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək – Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə
Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi
səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan
xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və
keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü
stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional
və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri
ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna
səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq
Şirvan suvarma kanalının təməlini qoyub.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ilk baxışda regional əhəmiyyətli hadisə
təəssüratı yarada biləcək bu layihə, əslində, qlobal miqyasda gedən
proseslərə kifayət qədər böyük töhfədir. “Dövlət başçısının
təməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün
bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi ilə
bağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimum
dərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortaya
qoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdən
biri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda
bir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma və
elektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həllini
artıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsas
infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və
suvarma layihələri ilə bağlı olacağını demək olar. Cənab Prezident
İlham Əliyevin çıxışında bu məqamların xüsusi olaraq diqqət
mərkəzinə çəkilməsi də nəzərdə tutulan layihələrin iri miqyaslı və
əhatəli olacağından xəbər verir.”

K.Qafarov daha sonra bildirib ki, Şirvan suvarma kanalının
yenidən qurulması qeyri-neft sektorunun inkişafına böyük töhfə
olacaq:

“Həqiqətən də dövlət başçısının təməlini qoyduğu bu layihə
ölkəmizin iqtisadiyyatı üçün çox böyük önəm kəsb edir. Bir
tərəfdən, az öncə də qeyd etdiyimiz kimi, Şirvan suvarma kanalının
yenidən qurulması uzun illər fasiləsiz davam edən istismarın
nəticəsi olaraq yer alan böyük həcmdə su itkisinin qarşısını
alacaq. Hesablamalara görə yenidənqurma işlərindən sonra itkilərin
həcmi on dəfədən çox azalacaq. Bu, artıq özü-özlüyündə son dərəcə
önəmli bir məqamdır. Digər tərəfdən isə, yenidən istifadəyə
verildikdən sonra Şirvan kanalı daha çox əkin torpaqlarını suvarma
suyu ilə təmin edəcək.

Bu da əlbəttə ki, bölgədə kənd təsərrüfatının daha sürətli
inkişafına yeni güclü təkan verəcək. Beləliklə, dövlət başçısının
dediyi kimi, bu layihədə qeyri-neft sektorunun inkişafı, kənd
təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların
rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli
şəkildə istifadə edilməsi kimi mühüm amillər öz əksini tapacaq.
Diqqətəlayiq məqamlardan biri də budur ki, Vətən müharibəsi və
antiterror əməliyyatı nəticəsində Azərbaycan bu gün artıq öz su
mənbələrinə tam sahib olmuşdur. Vaxtilə Ermənistan təkcə
torpaqlarımızı yox, həm də su resurslarımızı işğal etmişdi. Qarabağ
və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su
resurslarının 25 faizini təşkil edir ki, bunlar da daxili mənbələr
hesabına formalaşan su resurslarıdır. Ona görə də bu su ehtiyatları
ölkə üçün xüsusi əhəmiyyət kəsb edir”.