Advertisement

COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir – Muxtar Babayev

Bakı. Trend:

COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında
həlledici əhəmiyyət kəsb edir.

Trend xəbər
verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un
prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə
müsahibəsində deyib.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP)
Tərəflər Konfransının növbəti sessiyası yoxsul ölkələrə yardımın
planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir”, – deyə o
bildirib.

Nazirin sözlərinə görə, Bakıda zəngin ölkələrin bir qayda olaraq
istiləşmədə bir o qədər böyük rol oynamayan, lakin iqlim
dəyişikliyindən hamıdan çox əziyyət çəkən daha yoxsul ölkələrə necə
maliyyə yardımı göstərə biləcəyi ilə bağlı ümumi məxrəcə gəlmək
mümkün olacaq.

“Bakıda keçirilən konfrans qazıntı yanacağından imtina haqqında
ötənilki uğurlu sazişə əsaslanmalıdır. Bu ilin payızında
keçiriləcək görüş isə ölkələrin istixana qazlarının tullantılarının
məhdudlaşdırılması üzrə planların gücləndirilməsi üçün 2025-ci ildə
birləşməsinə kömək göstərəcək. Tərəfləri bir-biri ilə
yaxınlaşdırmaq üçün istənilən mümkün fəaliyyət və tədbirləri
nəzərdən keçirməliyik. Bakını inkişaf etməkdə olan və inkişaf etmiş
dünya arasında körpü olaraq nəzərdən keçiririk”, – deyə M.Babayev
əlavə edib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə
qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib.
Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun