Advertisement

Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir -Səttar Möhbalıyev

Bakı. Trend:

Xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast
seçimi bugünkü misilsiz uğurlarımızın, şanlı qələbələrimizin
əsasıdır. Proseslərin gedişi və qazanılan nailiyyətlər bir daha
sübut edir ki, cənab İlham Əliyevi dövlət başçısı seçməklə xalqımız
tarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatında
taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll
etməklə bütün ümüdləri layiqincə doğrultdu, arzularımızı
reallaşdırdı. Cənab İlham Əliyevin siyasi fəaliyyətinin hər bir
məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin,
düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin
göstəriciləridir ki, günü-gündən çiçəklənən, tərəqqi edən
Vətənimizin şanı və şöhrəti bütün dünyaya yayılıb. Əminliklə və
fəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətli
dövlətlərindən biridir. Hələ 2003-cü ildə Prezident İlham Əliyevin
xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın
düşməndən azad edilməsi idi. Bu gün isə biz məhz onun diplomatik
bacarığı, mahir sərkərdəlik keyfiyyətləri sayəsində dünyada
müzəffər xalq olaraq tanınırıq.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazax
rayonunun erməni işğalında olan 4 kəndinin Azərbaycana qaytarılması
barədə danışarkən səsləndirib.

AHİK sədri bildirib ki, hələ də qələbələrimizin davamı
gəlməkdədrir, biz ard-arda, davamlı olaraq tarixi naliyyətlərə
şahidlik edirik: “Ötən gün daha bir diplomatik qələbə xəbərini
aldıq. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki
ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın növbəti görüşündə razılaşdırılıb ki, işğal altında
olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Bu xalqımızın
növbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən
müzəffər sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir.
O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qan
tökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Televiziya vasitəsi ilə
həmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütün
xalqımız bu qələbənin yaratdığı xoş ovqatın içidədir”.

“Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi
zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və
qətiyyətli addımları ilə davam etdirir. O, 2020-ci il Vətən
müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə
Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin
suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənab
İlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya
sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın dörd qeyri-anklav
kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir.
Biz görürdük ki, aranı qatmağa çalışan, danışıqlar prosesinə mane
olmağa cəhdlər edən qüvvələr var idi. Bəzi Qərb dövlətləri, xüsusən
də Fransa bu məsələdə daha çox aktiv idi. İddia edirdilər ki,
Azərbaycan Ermənistan ərazisinə hücuma hazırlaşır. Artıq son
hadisələrlə onların böhtan xarakterli təbliğatları alt-üst oldu və
rəzil duruma düşdülər”, – Milli Məclisin deputatı vurğulayıb.