
Bakı. Trend:
Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən
təbii tərif sözləri ilə xatırlayar, məhz onların “möcüzə”lərindən
ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə
ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik
olaraq onlardan tarix kitablarında bəhs olunar.
Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq
fövqəladə və səlahiyyətli səfiri ve
“İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
“Məsələn, bu mənada Makedoniyalı İskəndərin məhşur “Qordi
düyünü”nü necə “açması”, yaxud Sultan Mehmedin İstanbulu hansı
dəmir iradə və cəsarətlə fəth etməsi kimi faktlar tarixçilərin
haqqında bəlağətli sözlər yazdıqları ibrət götürüləsi misallardır.
İndi özünüz düşünün, çox yox, cəmi 4 il əvvələ qədər hansımızın
ağlına gələrdi ki, Qarabağ münaqişəsi həll olunacaq və gələcək
nəsillərimizə bizdən acı və ağır miras kimi qalmayacaq və ya həll
olunsa da, indiki şərtlər daxilində aradan qaldırılacaq?! Amma nə
baş verdi? Münaqişə, Allaha min şükürlər olsun ki, həll olundu, özü
də tamamilə bizim istədiyimiz nəticələri əldə etdik.
Artıq Rusiya sülhməramlı kontingenti də Azərbaycan torpaqlarını
tərk edir. Özü də zamanından xeyli əvvəl, sakit şəkildə, “Bizim
missiyamız bitdi!” rəsmi açıqlaması verilərək, onlar öz ölkələrinə
qayıdırlar. Mən bir insan, Azərbaycan sevdalısı və bir vətənpərvər
türk oğlu olaraq bu məsələnin bizim üçün olduqca önəmli olan
emosional tərəfləri, sevinci haqqında çox danışa bilərəm, hətta
sevincdən göz yaşları da tökə bilərəm və bu təbiidir. Lakin hazırkı
tarixi anlarda baş vermiş bu mühüm olaya və bununla bağlı
Azərbaycan və Rusiya ali rəhbərliyinin verdiyi qərara bir diplomat,
ictimai-siyasi xadim kimi münasibət bildirmək istəyirəm.
İlk növbədə həqiqətən də, hər iki ölkənin liderlərini qəbul
etdikləri bu mühüm və cəsarətli qərar münasibətilə təbrik edirəm.
Prezidentlər İlham Əliyev və Vladimir Putin olduqca düzgün,
rasional və necə deyərlər, sahədə yaranmış reallıqlara uyğun
şəkildə, o reallıqlar nəzərə alınaraq, belə bir tarixi qərar qəbul
ediblər. Fikrimcə, hər iki dövlət başçısı bu qərarları ilə obyektiv
reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də bəzi Qərb
dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna
gətirmək üçün cızdıqları planları alt-üst ediblər.
Məlumdur ki, o qüvvələr belə bir qarşıdurma yaratmaq üçün
əllərindən gələni edirdilər. Planlar çox məkrli idi. ABŞ-dən bu
məsələyə verilmiş şərhə diqqətlə baxın: “Rusiya Qarabağdan
sülhməramlı kontingentini çıxrmaqla necə etibarsız müttəfiq
olduğunu göstərdi!” Sitatın sonu. Sadəcə bu bəyanat özlüyündə həmin
dairələrin bu hadisədən nə qədər məyus olduqlarını göstərir.
Fakt budur ki, onlar bu üç dövləti bir-birinə qarşı qoya
bilmədiklərinin dərin təəssüf, hətta hüzn və xəyal qırıqlığına
uğramaq kimi acı hisslərini yaşayırlar. Siz təəccüb etdinizmi? Deyə
bilərsiniz ki, bunlar Ukrayna və Gürcüstanda və ya Moldovada Rusiya
ilə açıq münaqişədədirlər. Moskvanı məcbur etmək istəyirlər ki,
ordusunu oradan geri çəksin?! Elə deyirlər axı. Amma bizə gələndə
belə bəyanat verib, dərin kədərə boğulurlar. Diqqət edin, indi ABŞ
nümayəndəsi de-fakto Rusiyanı qınaq obyektinə çevirir ki, sən
etibarsız müttəfiqsən və niyə Qarabağdan kontingenti
çıxarırsan!?
Bir diplomat olaraq demək istəyirəm ki, belə bir məzmunlu
açıqlama ciddi skandal və hətta təxribatdır. Belə mövqe tam mənası
ilə sübut edir ki, regionda sülh və sabitliyin pozulması həmin
ölkələrin marağındadır. Yoxsa “biz missiyamızı tamamladıq,
Qarabağdan çıxırıq” bəyanatını verən bir ölkə, özü də beynəlxalq
qanunlara əsasən başqa bir suveren dövlətin ərazisindəki
sülhməramlı vəzifəsini başa vurub buradan çıxırsa, siz bundan niyə
təəccüb etməlisiniz və ya narahat olmalısınız!?
Çox təbii və haqlı sual veririk. Səbəblər məlumdur. Əslində, biz
bu barədə dəfələrlə danışmışıq. Onların bu mövqeyinin əsl səbəbi
türkofobiya, Azərbaycanafobiya və islamofobiya, bir də ermənilərdən
maksimum dərəcədə öz maraqları və məqsədləri üçün sui-istifadə
etməkdir. Baxın, Fransa Qarabağdan çıxan ermənilərdən ibarət legion
yaratmaq niyyətini heç gizlətmir də. Məqsəd nədir? Qarabağ
ermənilərini terrorçu kimi yetişdirmək, Qafqaza göndərmək, bu da
alınmasa, Ukrayna, yaxud da Afrika ölkələrində və ya
kaloniyalarında onlardan muzdlu qatillər kimi istifadə etmək.
Məncə, erməni xalqı da, nəhayət, bu həqiqətləri görməlidir ki,
Fransa onlar üçün necə pis sürprizlər hazırlayır, planlar qurur.
Bir də tarixi unutmasınlar ki, həmin fransızlar ötən əsrin
əvvələrində Osmanlının Maraş bölgəsində onları qızışdıraraq, türk
əhalisinin qətlinə cəlb etmiş, sonra da məğlub olduqdan sonra
erməniləri meydanda tərk edərək, necə aradan çıxmışdılar. İndi
vəziyyət ermənilər üçün əgər belə qeyri-adekvat davranmaqda davam
etsələr, daha da ağır olacaq.
Ümumiyyətlə, ermənilər də, digərləri də artıq bir həqiqəti qəbul
etsələr, yaxşı olardı. Onun hər bir sözü artıq imza mahiyyəti
daşıyır. Nə deyirsə, onu da icra edir. Axı, məsələn, siz ermənilər,
niyə o böyük Liderin təkcə ölkəsi üçün deyil, bütün bölgənin
parlaq, xoşbəxt və firavan gələcəyi naminə irəli sürdüyü faydalı
ideyalardan istifadə etmək istəmirsiniz?! Gecikirsiniz. Sabah çox
gec olacaq. Yenə də indi dizinizə bir dəfə vurursunuzsa ki, niyə
zamanında onu dinləmədik, əmin olun, əgər o deyənləri etməsəniz,
sabah bu peşmanlığı bir dəfə yox, yüz dəfə dilə gətirəcəksiniz və
bu dəfə dizinizə deyil, başınıza döyəcəksiniz ki, kaş ki, ona
vaxtında qulaq asardıq və İlham Əliyevin parlaq ideyalarından
faydalanardıq!
Baxın, müharibə artıq bitib, bölgədə tarixdə heç vaxt olmadığı
qədər sülh yaradılması fürsəti yaranıb. Ay erməni xalqı, bu
fürsətdən sən də faydalan, özü də onu indi dəyərləndir, sabah qatar
gedəcək və sizin üçün çox, həddindən artıq gec olacaq! Səmimi
olaraq bu fikirləri həm də ona görə ifadə edirəm ki, biz Türkiyə
olaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında
maraqlıyıq.
Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin bölgədə
sülh və sabitlik yaradılması təşəbbüslərini tam müdafiə edir, onu
dəstəkləyir və bu məqsədə nail olmaq üçün Türkiyənin hər cür
fədakarlığa hazır olduğunu bəyan edir. Bu tarixi şansdır. Rusiya,
Türkiyə və Azərbaycan Qafqaz regionunda sülh üçün real əməkdaşlıq
edirlər. Xarici qızışdırıcı və təhrikedici faktorlara rəğmən, bu
rasional addımlar atılır. Ən son artıq haqqında bəhs etdiyimiz
Rusiya sülhməramlı kontingentinin Azərbaycan torpaqlarından çıxması
və sonra da bununla bağlı həm Bakı, həm də Moskvadan verilən
açıqlamalar nə qədər yerində və düzgün verilib, həmçinin, bu, necə
deyərlər, “dövlət ağlı” ilə düşünülmüş qərarlar qəbul edilməsinin
bariz nümunəsidir. Bu, həm də müasir beynəlxalq münasibətlər
sistemində baş vermiş, münaqişənin hərbi-siyasi yolla həll
olunmasının bir nümunəsi, hətta yenilik mahiyyəti daşıyan mühüm bir
faktıdır”, – deyə o bildirib.
H.Kılıçın sözlərinə görə, tarixi qərarlar qəbul etmək həm də bir
cəsarət işidir, böyük dövlət xadimlərinə xas olan keyfiyyətdir:
“Bu mənada, Türk tarixində hər gün verdiyi qərarlarla silinməz
izlər buraxan Prezident İlham Əliyevin xidmətləri danılmazdır.
Bizdən sonra gələn nəsillərimiz bu gün bizim yaşadığımız, çox zaman
fərqində olmadığımız tarixi olayları təhlil edib öz sözlərini
mütləq deyəcəklər. Türk tarixi çox xaqanlar, hökmdarlar, dövlət
başçıları görüb. Onların hər birini minnətdarlıq, dərin hörmət
duyğuları ilə xatırlayırıq. Həqiqət budur ki, Türk milləti ona
xidmət etmiş bütün böyük xaqanlarını, dövlət başqanlarını
unutmadığı kimi, Prezident İlham Əliyevin xidmətlərini də
əbədiyyətə qədər qəlbində və könlündə yaşadacaq”, – deyə o qeyd
edib.





























