Advertisement

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Bakı. Trend:

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində bir qrup yerli
neft-qaz operatorlarının nümayəndələri üçün emissiyaların
azaldılması sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə
“Neft Daşları” NQÇİ-yə, Səngəçal terminalına sahə səfərləri təşkil
edilib.

SOCAR-dan Trend-ə bildirilib ki, “Neft Daşları”na səfər SOCAR-ın
vitse-prezidenti Əfqan İsayevin, habelə Neft-Qaz İqlim Təşəbbüsünün
(Oil and Gas Climate Initiative – OGCI) və BMT-nin Ətraf Mühit
Proqramının (United Nations Environment Programme – UNEP)
nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Səfər zamanı iştirakçılara neft-qaz əməliyyatları prosesində
emissiyaların müasir cihazlar vasitəsilə monitorinqi, ölçülməsi,
inventarlaşdırılması və azaldılması tədbirlərinin həyata
keçirilməsinə dair SOCAR-ın qabaqcıl təcrübəsi haqqında ətraflı
məlumatlar təqdim edilib.

İştirakçılar, həmçinin “Neft Daşları”nda həyata keçirilən
“Sızmaların Azaldılması və Təmiri Layihəsi”nin (Leak Detection and
Repair – LDAR) icrası haqqında məlumatlandırılıblar. Regionda ilk
dəfə olaraq 2016-2022-ci illər ərzində SOCAR tərəfindən
reallaşdırılan və emissiyaların azaldılmasını,
sertifikatlaşdırılmasını özündə əks etdirən layihənin icrası
nəticəsində qazanılan uğurlu təcrübədən yararlanaraq, 2023-cü ildə
“Neft Daşları”nda ikinci və daha genişmiqyaslı LDAR layihəsinin
həyata keçirilməsinə başlanılıb.

Layihənin əsas üstünlüyü atılmaların azaldılması ilə ətraf
mühitin qorunmasına töhfə vermək, həmçinin azaldılmış emissiya
həcmlərinin ticarəti ilə əlavə investisiyaların əldə edilməsidir.
Səfər zamanı iştirakçıların layihəyə dair sualları cavablandırılıb
və qarşılıqlı müzakirələr aparılıb.

Həmçinin BP şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalına
səfər təşkil edilib. Səfər zamanı BP-nin əməkdaşları tərəfindən
iştirakçılar üçün təqdimatlar keçirilib, terminalda neft-qaz
əməliyyatları prosesində emissiyaların azaldılmasına dair şirkətin
təcrübəsi və metanın ölçülməsi üzrə tətbiq olunan yeni
texnologiyalar haqqında ətraflı məlumatlar təqdim edilib.

“Azəri-Mərkəzi-Şərqi” platformasının məsafədən idarəetmə mərkəzi
ilə tanış olan iştirakçılara innovativ avtomatlaşdırılmış
mexanizmlərin tətbiqi ilə platformanın Səngəçal terminalından idarə
olunduğu barədə məlumat verilib. Platforma “Azəri-Çıraq-Günəşli”
platformaları arasında, həmçinin BP-nin tam quruda idarə olunan ilk
platformasıdır.

Qeyd edək ki, SOCAR və BP şirkətləri birgə Azərbaycanda qabaqcıl
sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane Guiding
Principles” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması
(“Advancing Global Methane Reduction” – AGMR) təşəbbüsünü icra
edirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və BP tərəfindən Azərbaycanda
fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının
ölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviq
edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi,
habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdən
ibarətdir.