
Bakı. Trend:
İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin
birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq
üzrədir və tezliklə icra mərhələsinə keçəcək.
Trend-in məlumatına görə, bunu İranın Energetika Nazirliyinin
nəzdindən fəaliyyət göstərən Beynəlxalq Mərkəzin direktoru Muctaba
Əkbəri deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində belə bir imkan
yaranacaq ki, İran ehtiyacı olduğu zaman elektrik idxal edəcək və
elektrik istehlakı az olduğu zaman elektriki ixrac edəcək.
İran rəsmisi bildirib ki, İran və Türkiyə arasında elektrik
mübadiləsi üzrə müzakirələr başlanıb və gələn 2 ay ərzində tam
məlumatlar elan olunacaq.
Əlavə edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub
enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır.
Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu
layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko”
Şirkəti həyata keçirib.



























