
Bakı. Trend:
Türkiyənin “Turan Teknoloji Anonim Şirketi” (Turan) ödəniş
sistemi türk ölkələri üçün vahid pulqabı infrastrukturu yaratmaq
niyyətindədir.
Bu barədə Trend-ə “United Payment” MMC-nin baş direktoru Edqar
Abdullayev deyib.
“Türk dövlətləri arasında rəqəmsal pul köçürmələri dəhlizi
yaratmaq məqsədilə Turan əvvəlcə Azərbaycanda fəaliyyətini
sürətləndirib. Tezliklə istifadəçilər Azərbaycandan Türkiyəyə və
əksinə pulqabıdan pulqabıya pul köçürə biləcəklər. Lakin bizim əsas
məqsədimiz dəhlizlərimizi tamamlayıb bütün türk dövlətlərində eyni
modeli tətbiq etmək və vahid pulqabı infrastrukturunun köməyilə
dövlətlər arasında rəqəmsal pul köçürmələrini təmin etməkdən
ibarətdir. Turan Mərkəzi Asiyada ən böyük maliyyə tətbiqi olacaq”,
– deyə o bildirib.
E.Abdullayev bildirib ki, müştərilərin sayı 300 mini ötür,
tranzaksiyaların həcmi isə 500 milyona çatır, istifadəçi
kartlarının sayı isə 70 mindən çoxdur.
“Türk dövlətləri arasında maliyyə körpüsü quran Turan elektron
pullarla məşğul olan ilk türk şirkətlərindən biri olan United
Payment-in rəhbərliyi altında 35 milyon türk lirəsi (təqribən 1,973
milyon manat) dəyərində əlavə investisiya əldə edib”, – baş
direktor deyib.
İnvestorları “KT Portföy”, “Re-pie”, “Colendi”, “Tera Portföy”,
“Neo Portföy” və Azərbaycanda ilk vençur kapitalı fondu “Caucasus
Ventures” olan Turanın son 16 ay ərzində əldə etdiyi
investisiyaların ümumu həcmi 75 milyon türk lirəsindən (təqribən
4,228 milyon manat) yuxarı olub.
Qeyd edək ki, hazırda Türkiyənin “Turan Teknoloji Anonim
Şirketi” (Turan) ödəniş sistemi vasitəsilə pul köçürmələri uğurla
həyata keçirilir. Aylıq köçürmələr təqribən 9,5 milyon türk lirəsi
təşkil edir. Turan 2024-cü ildə bu rəqəmi ayda 37,5 milyon lirəyə
çatdırmağı hədəfləyir.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























