
Bakı. Trend:
“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC
tərəfindən “Daşkəsən” dəmir filizi sahəsinin istismarına hazırlıq
işləri uğurla davam etdirilir.
Qeyd edək ki, 1860-1870-ci illərdə kəşf olunan Cənubi Qafqazın
ən böyük qara metal filizi yataqları kompleksində hasilat işlərinə
SSRİ dövründə başlanılıb. Bu məqsədlə 1945-ci ildə Daşkəsən Filiz
İdarəsi yaradılıb. Layihəyə uyğun olaraq 1954-cü ildən istehsal
edilən dəmir konsentratı dəmiryolu vasitəsilə Gürcüstanın Rustavi
şəhərində yerləşən polad istehsalı müəssisəsinə çatdırılırdı.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə ittifaq
respublikaları arasında formalaşdırılmış istehsal zənciri qopduğu
üçün dəmir filizinin hasilatında da fasilələr yaranıb. 1994-cü
ildən 2017-ci ilədək sahədə istismar işləri qismən aparılıb.
“Daşkəsən” dəmir filizi yataqlarının istismarında yeni
mərhələ
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamları ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara
verilməsi ilə əlaqədar işlər “AzerGold” QSC-yə həvalə edilib.
Layihə ilə əlaqədar törəmə şirkət qismində təsis edilən “Daşkəsən
Dəmir Filiz” MMC tərəfindən istismara hazırlıq işlərinə başlanılıb.
Bu məqsədlə ilkin mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları
üzrə mineral ehtiyatların qiymətləndirilməsi üçün tədqiqatlar
aparılıb. Nəticədə hər iki yataq üzrə yerin təkində olan
resurslarda 69.7 milyon ton artım əldə edilib.
Bununla, Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz
ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona
çatdırılıb. Sözügedən yataqlar üzrə hazırlanan 21
illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun
ayında “Cənub-şərq” mədənində üstaçma və hasilat işlərinə
başlanılıb. Ötən dövr ərzində Cənub-şərq mədəni üzrə 6.5
milyon ton üstaçma işi, 1.8 milyon ton
filiz ehtiyatının toplanmasına nail olunub.
Bununla belə, “Cənub-şərq” və “Şimal-qərb” mədənlərində iqtisadi
səmərə ilə çıxarılabilən mineral ehtiyatların yenidən artımına və
istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün
müvafiq təhlillər aparılır. Bu məqsədlə həyata keçirilmiş
buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi
analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədi
ilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və
mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq
məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur.
Yeni istehsal zəncirinin qurulması
Sözügedən mədənlərin iqtisadi səmərəli və dayanıqlı istismarının
təmin edilməsi məqsədilə layihə üzrə icra strategiyanın
hazırlanması beynəlxalq təcrübəli və nüfuzlu məsləhətçi “Boston
Consulting Group” şirkəti tərəfindən həyata keçirilib. Aparılmış
təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin
qurulmasını optimal həll yolu olaraq müəyyən edib. Qeyd edilən həll
yolu çərçivəsində son məhsul olaraq dəmir filizindən polad
sənayesində istifadə olunan yüksək keyfiyyətli –
95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin
(HBI – Hot Briquetted Iron) istehsalı qərara alınıb.
Layihə çərçivəsində Zənginləşdirmə zavodunun Daşkəsəndə, SSRİ
dövründə mədən yaxınlığında qurulmuş, hazırda istehsal üçün
yararsız olan Filizsaflaşdırma kombinatının ərazisində inşası
nəzərdə tutulub. Dağlıq relyefə malik rayonda Pellet və HBI
zavodlarının qurulması üçün uyğun ərazinin olmaması, həmçinin
yaşayış sahələrindən kənarda müəssisənin fəaliyyəti üçün zəruri
enerji mənbələri (elektrik, qaz), son məhsulun polad
istehsalçılarına çatdırılması üçün logistik imkanların məhdud
olması bu 2 zavodun ətraf ərazilərdə qurulmasını labüd edib.
Nəticədə Pellet və HBI zavodlarının Göygöl rayonunda inşasına qərar
verilib.
Ötən dövrlərdə “Daşkəsən” yataqlarında istehsal edilən
konsentrat növbəti təyinat məntəqəsinə kanat və dəmir yolu
vasitəsilə nəql edilsə də, müasir dövrdə iqtisadi və ekoloji
baxımından bu metod bir o qədər səmərəli hesab edilmir. Bu səbəbdən
Zənginləşdirmə və Pellet zavodları arasında 45 km
məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti
vasitəsilə aparılması nəzərdə tutulub.
Beləliklə, layihəyə uyğun olaraq, qarşıdakı dövrdə istehsal
zəncirinin formalaşdırılması ilə illik 3-3.2 milyon
ton filiz hasilatı, bu filizdən 1.3 milyon
ton konsentrat və pellet, və nəhayət son məhsul olaraq
~0.9 milyon ton HBI xammalının istehsalı və satışı
nəzərdə tutulub.
Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının
istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması
uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67%
dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet
məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə
sınaq işləri davam etdirilir.
Müasir ekoloji tələblərə uyğun texnologiyanın
tətbiqi
Zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir
ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal
tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə
müqayisədə karbon qazı emissiyasının 60%-dək
azaldılmasına imkan yaradır. Bu texnologiya həm də gələcəkdə
istehsal prosesində hidrogenə keçid etməyə, beləliklə də “yaşıl”
texnologiyaların tətbiqinin genişləndirilməsi imkanı yaradacaq.
Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların
ekoloji statusunu möhkəmləndirmək mümkün olacaq.
Layihəyə xarici investorun cəlb edilməsi
Qeyd edək ki, “Boston Consulting Group” şirkətinin
hesablamalarına görə, layihənin investisiya dəyəri 1.7
milyard manat qiymətləndirilib. Dəmir filizi yataqlarının
istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard
manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.
Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən
layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq,
minlərlə daimi iş yerinin açılması ilə
Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə
əhəmiyyətli töhfənin verilməsi gözlənilir.
Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil
edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı
olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və
digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də,
layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq
göstərilir. Bu xüsusda “AzerGold” QSC tərəfindən layihənin yüksək
investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə
əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə
bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə
danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və
şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız
üçün ən əlverişli formada icrası təmin ediləcək.





























