Advertisement

Kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən KOB subyektlərinin nəzərinə

Bakı. Trend:

“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində KOB
subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend
qurulacaq.

Əvvəlki illərdə olduğu kimi bu il də KOB subyektlərinin,
xüsusilə mikro və kiçik sahibkarların ölkəmizdə və xaricdə
keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək
göstəriləcək. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB
subyektləri üçün sərgilərdə xüsusi stendlər qurulacaq. Bu
stendlərdə məhsul və xidmətlərini təqdim edəcək KOB-lar tərəfindən
hər hansı ödəniş edilməyəcək, sərgi ilə bağlı bütün xərclər dövlət
tərəfindən qarşılanacaqdır. Məqsəd KOB subyektlərinin istehsal
etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına
tanıtmaq, satışına dəstək olmaqdır. KOB-ların sərgilərdə iştirakına
dəstək mexanizminin əhatə edəcəyi sərgilər barədə sahibkarların
məlumatlandırılması üçün əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytında, sosial
şəbəkələrdəki hesablarında və mediada elanlar veriləcəkdir.

15-17 may 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində
keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian
Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood
Azerbaijan”) sərgilərində məhsul və xidmətlərini təqdim etmək
istəyən KOB-lar 5 may 2024-cü il tarixinədək KOBİA-ya müraciət edə
bilərlər. Sərgidə iştirak etmək istəyən KOB-lar müvafiq formanı
doldurmaqla müraciət etməlidir: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
(“İştirak etmək istədiyiniz tədbir” hissəsində “Caspian Agro” qeyd
edilməlidir).