Advertisement

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin
yanvar-mart aylarında hasilat və satış əməliyyatlarını uğurla davam
etdirib.

QSC tərəfindən sözügedən dövr ərzində 11.5 min
unsiya qızıl, 25.5 min unsiya gümüşün hasilatı
həyata keçirilib. Bununla cari ilin ilk 3 ayı üçün
müəyyənləşdirilmiş qızıl hasilatı planı 2%, gümüş
hasilatı planı isə 1% artıq icra edilib. Ötən ilin
eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında
58%, gümüş hasilatında 25% artıma
nail olunub.

Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin 1-ci rübü ərzində
6.6 min unsiya qızıl, 23.7 min
unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata
keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25.2 milyon
manat
vəsait cəlb edilib.

1 aprel 2024-cü il tarixinə QSC tərəfindən qiymətli metalların
yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi
gəlir isə 1 milyard 213 milyon 911 min manata
çatıb. Vəsaitin 1 milyard 158 milyon 829 min
manatını
ixrac gəlirləri, 55 milyon 82 min
manatını
isə daxili bazar satışlarından əldə edilmiş
gəlirlər formalaşdırır.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən cari il üzrə 70
min
unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu
ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda
10%, satışda isə 3% daha artıq
hədəfdir.