
Bakı. Trend:
Azərbaycan və Rusiya arasında münasibətlərin uzun tarixi var və
bu gün də bu münasibətlər dinamik inkişafdadır.
Bunu Trend-ə Milli
Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvü Afət Həsənova deyib.
O qeyd edib ki, Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkələrdən olub.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda
imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə
Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz
fəaliyyətinə başlayıb.
Azərbaycanın Ümummillli Lideri Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra Rusiya ilə münasibətlərin inkişafında mühüm
irəliləyişə nail olundu. 1993-cü ilin yayından müstəqil Azərbaycana
rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq
münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında
strateji tərəfdaşlığın əsaslarını qoydu.
Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri
qurması üçün əhəmiyyətli siyasi və hüquqi baza formalaşdırıldı. İki
ölkə arasında bu günə kimi 263 sənəd imzalanıb ki, bu da siyasi,
hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya,
maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan
neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni,
həmvətənlərin hüquqlarının təmin olunması və digər sahələri əhatə
edir.
İki ölkə arasında imzalanan vacib sənədlərdən biri də 2022-ci il
fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən
imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Bu
bəyannamə beynəlxalq qanunlar və iki ölkənin milli maraqları
əsasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsini
ehtiva edir. Bu bəyannamə təkcə iki ölkə üçün deyil, ümumilikdə
bütün region üçün faydalıdır və regionda iqtisadi inkişafa, sülhün
və təhlükəsizliyin təmin edilməsinə əlavə zəmant verir”, – deyə
deputat bildirib.
O qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafında ölkə
rəhbərlərinin qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir.
“Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Rusiyaya 52 rəsmi və işgüzar səfər edib və səfərlər
çərçivəsində iki ölkə arasında mühüm sənədlər imzalanıb.
İki ölkə arasında münasibətlərin daha da inkişafına, həm də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan
etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki,
Prezident İlham Əliyevi 60 illik yubileyi ilə təbrik edən Prezident
Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas
məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır,
onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə
razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə
yetiriləcəkdir.
Əlbəttə dövlət başçıları arasında bu cür səmimi və etibarlı
münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və
firavan şəraitdə rahat yaşaması üçün zəruridir”, – deyə deputat
əlavə edib.





























