Advertisement

Artıq Ermənistan Azərbaycanın gücünü, mövqeyini anlayır – Ankara Universitetinin professoru

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası
və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci
görüşündə alınan qərarlar, dörd kəndin Azərbaycana qaytarılması
önəmli hadisədir.

Bu barədə Trend-in suallarını cavablayarkən politoloq, Ankara
Universitetinin professoru Toğrul İsmayıl deyib.

“Ermənistanın artıq Azərbaycanla olan delimitasiya-demarkasiya
məsələsinə daha obyektiv yanaşdığını görürük. Azərbaycan İkinci
Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etdi. Burada hər hansı bir
problemdən söhbət gedə bilməz.

Ermənistan da bu reallığı qəbul edir. Daha öncə Ermənistan işğal
altında saxladığı ərazilərdən Azərbaycana qarşı istifadə edirdi.
Amma Azərbaycan bu məsələni həll etdi. Anklav olmayan 4 kəndin
Azərbaycana qaytarılması əlamətdar hadisədir. Çox böyük uğurlardan
biridir. Deməli, Ermənistan reallığı başa düşür və Azərbaycanın
gücünü, mövqeyini anlayır.

Paşinyan hakimiyyəti tezliklə Azərbaycanla digər məsələləri həll
etməlidir. İki ölkə arasında davamlı sülhün olması ən böyük
nailiyyətlərdən olacaq”, – deyə o əlavə edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.