Advertisement

“Baku Steel Company” QSC Almaniyada “Tube 2024” sərgisində Azərbaycanı təmsil etdi (FOTO/VİDEO)

Bakı. Trend:

15-19 aprel 2024-cü il tarixlərində Almaniyanın Düsseldorf
şəhərində metallurgiya sektorunun ən böyük sərgisi olan “Tube 2024”
keçirildi. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən iri və
qabaqcıl metallurgiya şirkəti “Baku Steel Company” QSC (bundan
sonra – BSC) təmsil etdi.

Dünyanın 60 ölkəsindən 2600-dən çox şirkətin öz xidmət və
məhsullarını sərgilədiyi “Tube 2024”də BSC nümayəndələri təmsil
etdikləri şirkətin məhsulları, həmçinin bütövlükdə Azərbaycanın
metallurgiya sektoru və onun imkanları barədə məlumatlar
verdilər.

Sözügedən sərgi, ilk dəfə olaraq, mühazirələr, təqdimatlar,
xüsusi şoular və rəqəmsal bələdçili turlardan ibarət zəngin
proqramla müşayiət olundu. Eko-metallar, hidrogen, borular, kəsmə
və emal texnologiyaları, paslanmayan polad və s. kimi aktual
mövzularda rəqəmsallaşma istiqamətində yeni həllərlə bağlı xəbərlər
və tendensiyalar haqqında məlumat verildi.

“Tube 2024” sərgisində mütəxəssislər təmsil etdikləri
şirkətlərin davamlılıq strategiyalarını təqdim etdilər,
karbonsuzlaşdırma istiqamətində artıq əldə edilmiş uğurlar barədə
məlumat verdilər və yaşıl transformasiyaya aparan yolları, enerji
və iqlim siyasətini ziyarətçilərlə müzakirə etdilər.

Əsasən maşınqayırma, neft-qaz, kimya və tikinti sektorlarının
diqqət mərkəzində olan “Tube 2024” sərgisi şəbəkələləşmə və yeni
bazarlara çıxmaq üçün olduqca əhəmiyyətli bir platforma idi. Belə
ki, BSC-nin nümayəndələri şirkətin məhsullarının potensial
alıcıları ilə yanaşı, həyata keçirilən modernizasiya layihələri
çərçivəsində, dünyanın bir sıra aparıcı avadanlıq istehsalçıları
ilə əməkdaşlıq qurmaq istiqamətində məhsuldar danışıqlar
apardılar.

Azərbaycanı təmsil edən şirkət olaraq, BSC-nin məhsullarının
sərgiləndiyi stendə ziyarətçilər və iştirakçılar arasında böyük
maraq var idi. Şirkət, gələcəkdə də beynəlxalq miqyaslı tədbirlərdə
iştirak edərək ölkəmizin metallurgiya potensialını dünyaya tanıtmaq
və əməkdaşlıq horizontunu genişləndirmək əzmindədir.