
Bakı. Trend:
Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası
Milli Xalq assambleyasının Milli Müdafiə komissiyasının sədri,
Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin
başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabana
gələrək, Azərbaycanın Ümummilli Lideri, müasir Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin
ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüb.
Trend xəbər verir ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını
ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə
anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət olunub.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin
Azərbaycan-Əlcəzair parlamentlerarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Mahir Abbaszadə və digər rəsmi şəxslər müşayiət
ediblər.





























