Advertisement

Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası dəyişdi

Bakı. Trend:

Baş nazir Əli Əsədov “Ovçuluq haqqında” qanunda
dəyişikliklərin icrasını təmin etmək məqsədilə qərar imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, “Dövlət ovçuluq kadastrının
və ov obyektlərinin monitorinqinin aparılması Qaydası”nda 1.1.4.
III və IV hissələr aşağıdakı redaksiyada verilib:

“III. DÖVLƏT OVÇULUQ KADASTRININ STRUKTURU VƏ TƏRKİBİ

3.1. Dövlət ovçuluq kadastrı respublika əhəmiyyətli ovçuluq
kadastrı barədə məlumatları əks etdirən 1-ci bölmə, ov yerləri,
yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə
məlumatları əks etdirən 2-ci bölmədən ibarətdir.

3.2. Dövlət ovçuluq kadastrına ov yerləri, respublika, yerli
əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə aşağıdakı ümumi
məlumatlar daxil edilir:

3.2.1. hüquqi statusu və normativ hüquqi bazası;

3.2.2. coğrafi vəziyyəti, sərhədləri və ərazisi;

3.2.3. inzibati və idarə tabeliyi;

3.2.4. mühafizəsi üsulu və rejimi;

3.2.5. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının ətrafındakı mühafizə zonaları (ərazisi,
sərhədi və rejimi);

3.2.6. ekoloji, elmi, maarifçilik, turizm və rekreasiya,
iqtisadi, tarixi və mədəni əhəmiyyəti;

3.2.7. təbiət komplekslərinin və onların komponentlərinin
kəmiyyət və keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu
məlumatların saxlanılma yerləri;

3.2.8. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarında, onların ətrafındakı mühafizə zonalarında
torpaqların və digər təbii sərvətlərin istifadəçiləri və
icarəçiləri;

3.2.9. qorunma vəziyyəti, antropogen təsirin dərəcəsi və təhlükə
faktorları;

3.2.10. ov obyektlərinin bərpasını və təbii artmasını təmin edən
tədbirlər;

3.2.11. işçi ştatları və struktur bölmələri;

3.2.12. mühafizəsini öhdəsinə götürmüş hüquqi və fiziki şəxslər
(ünvanı, öhdəlik müddəti və ştatı);

3.2.13. maddi-texniki bazası və maliyyələşdirilməsi;

3.2.14. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarında aparılan son müayinələr (aparılan işlərin
mövzusu və müddəti);

3.2.15. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatları barədə məlumatları əks etdirən mənbələr.

3.3. Ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq
təsərrüfatlarının dövlət kadastrına bu Qaydanın 3.2-ci bəndi ilə
müəyyən edilən müvafiq məlumatlarla yanaşı aşağıdakı məlumatlar
daxil edilir:

3.3.1. ovçuluq təsərrüfatlarının aparılması məqsədilə
qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin
istifadəsinə və ya icarəsinə verilə bilən ov yerləri;

3.3.2. bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş
qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və
icarəsinə verilə bilən yerli əhəmiyyətli ovçuluq
təsərrüfatları;

3.3.3. bələdiyyələrin mülkiyyətlərində olan torpaqlarda
qanun-vericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov
yerlərinə buraxmaq məqsədilə yaradıla bilən ovçuluq
təsərrüfatları;

3.3.4. ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq
təsərrüfat-larında yetişdirilən vəhşi heyvanların növü, sayı və
mühafizə rejimi barədə məlumatlar;

3.3.5. hüquqi və fiziki şəxslərin mülkiyyətlərində və ya
icarələrində olan torpaqlarda təşkil edilən fərdi ovçuluq
təsərrüfatları.

3.4. Kadastrın uçot vahidinə ov yerləri, respublika, yerli
əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları aid edilir.

3.5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (bundan sonra – Nazirlik) və Naxçıvan Muxtar
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti
yerli bölmələri tərəfindən dövlət ovçuluq kadastrına daxil edilən
bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulmuş
məlumatlar Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması
Xidmətinə (bundan sonra – Xidmət) təqdim edilir.

3.6. Dövlət ovçuluq kadastrı məlumatları Azərbaycan Respublikası
və Naxçıvan Muxtar Respublikası dövlət və bələdiyyə orqanlarının
hüquqi aktlarına, elmi tədqiqatların, layihə-axtarışlarının və
inventarlaşmanın materiallarına, xüsusi tədqiqatların nəticələrinə,
monitorinq məlumatlarına, ov yerləri, respublika, yerli əhəmiyyətli
və fərdi ovçuluq təsərrüfatları barədə dəqiq məlumatları olan digər
mənbələrə əsasən hazırlanır və yeniləşdirilir.

3.7. Dövlət ovçuluq kadastrı məlumatlarına Xidmət tərəfindən
daimi nəzarət edilir. Kadastr məlumatlarının dəyişdirildiyi və yeni
məlumatların daxil olduğu hallarda köhnə məlumatlar
arxivləşdirilərək daimi saxlanılır. Kadastrda yeni məlumatların
daxil edilməsi və dəyişikliklər aparılması tarixi göstərilir və
əvvəlki (köhnə) məlumatlar barədə qeydiyyat aparılır.

IV. DÖVLƏT OVÇULUQ KADASTRININ APARILMASI

4.1. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinin təqdim
etdikləri kadastr məlumatları əsasında ov yerlərinin, respublika,
yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət ovçuluq
kadastrı Xidmət tərəfindən aparılır.

4.2. Ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının dövlət ovçuluq kadastrının və onların
dövlət qeydiyyatının aparılması məqsədilə Xidmət:

4.2.1. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə ov
yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq
təsərrüfatlarının kadastr məlumatlarının toplanması məqsədilə
müraciət edir;

4.2.2. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatları barədə daxil olmuş kadastr məlumatlarının
saxlanıl-masını təşkil edir və məlumatları təhlil edərək ovçuluq
təsərrüfatlarının vəziyyətini qiymətləndirir;

4.2.3. təhlil edilmiş kadastr məlumatlarını ümumiləşdirir və bu
Qaydanın III hissəsi nəzərə alınmaqla dövlət ovçuluq kadastrına
daxil edilməsini təmin edir;

4.2.4. kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik
sənədləri hazırlayır;

4.2.5. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının kadastr göstəricilərində il ərzində baş
vermiş dəyişikliklər və əlavələr barədə məlumatların toplanması
məqsədilə Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə müraciət
edir;

4.2.6. bu Qaydanın 4.2.5-ci yarımbəndi ilə müəyyən edilən
məlumatların hər il yanvar ayının 25-nə kimi toplanmasını təmin
edir və Nazirliyə təqdim edir;

4.2.7. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının növlərinə və kateqoriyalarına aid
məlumatların əsas göstəricilərini, kadastrın aparılması üçün tələb
olunan digər məlumatları, onların təqdim olunma müddətlərini təyin
edir, istifadəsində və ya icarəsində olan ov yerləri, yerli
əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları olan bələdiyyə
orqanlarına, hüquqi və fiziki şəxslərə təqdim edir;

4.2.8. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının kadastrının tərtibatı və nəşrini,
barələrində illik hesabatların hazırlanmasını həyata keçirir;

4.2.9. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının yerləşdiyi torpaq sahələrinin hüquqi
statusu, coğrafi vəziyyəti, sərhədləri və ərazisi, inzibati və
idarə tabeliyi və ov yerlərinin, respublika, yerli əhəmiyyətli və
fərdi ovçuluq təsərrüfat-larının ətrafındakı mühafizə zonalarının
ərazisi, sərhədi və rejimi barədə məlumatları Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti və aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə
razılaşdırır;

4.2.10. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının onlayn formada
əldə edilməsini təmin edir;

4.2.11. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının kadastrın aparılmasında müvafiq proqram
təminatını və texnologiyadan istifadəni təmin etmək üçün lazımi
tədbirlər görür.

4.3. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələri:

4.3.1. bu Qaydanın 3.3.1–3.3.5-ci yarımbəndləri ilə müəyyən
edilən hüquqi və fiziki şəxslərə, bələdiyyələrə kadastr
məlumatlarının toplanması məqsədilə müraciət edir;

4.3.2. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatları barədə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndləri
ilə müəyyən edilən məlumatları toplayaraq Xidmətə təqdim edir;

4.3.3. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının kadastr göstəricilərində il ərzində baş
vermiş dəyişikliklər və əlavələr barədə məlumatları hər il yanvar
ayının 15-nə kimi Xidmətə təqdim edir.

4.4. Bu Qaydanın 3.3.1–3.3.5-ci yarımbəndləri ilə müəyyən edilən
hüquqi və fiziki şəxslər, bələdiyyələr:

4.4.1. istifadəsində və ya icarəsində olan ov yerlərinin, yerli
əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrının
aparılması barədə məlumatları müraciətə uyğun olaraq Nazirliyin və
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim edir;

4.4.2. istifadəsində və ya icarəsində olan ov yerlərinin, yerli
əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr
məlumatlarının yığılmasını, təzələnməsini təmin edir.

4.5. Ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi
ovçuluq təsərrüfatlarının kadastr məlumatı 5 ildən bir Nazirlik
tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edilir.”