
Bakı. Trend:
UNEC-də Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış “Ulu
Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabın ideya müəllifi, məşhur “91-lər”dən olan,
“Şöhrət” ordenli professor Vaqif Şadlinski, millət vəkili Hikmət
Məmmədov, Milli Məclisin komitə sədri Musa Quliyev, UNEC rektoru
professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti
iştirak edib.
Tədbirin açılışında çıxış edən rektor prof. Ədalət Muradov Ulu
Öndərin zəngin irsinin tədqiq edilməsinin vacibliyindən söz açaraq,
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UNEC-də dahi
şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən 170-ə
yaxın tədbirin keçirildiyini və bu tədbirlərin davam etdirildiyini
bildirib.
Rektor kitabda öz əksini tapmış Ulu Öndərin Qərbi Azərbaycanda
formalaşmış milli-mədəni dəyərlərin qorunması, mədəni abidələrin
yenidən qurulması ilə bağlı səsləndirdiyi tarixi fikirlərinin,
sərəncam və fərmanlarının Azərbaycanın bütövlüyünün təmin edilməsi
baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Kitabın ideya müəllifi olan professor Vaqif Şadlinski Ümummilli
Lider Heydər Əliyev dühasının xalqımızın tarixində, milli-siyasi
təfəkküründə və dövlətçilik şüurunda çox böyük məna yükü
daşıdığını, bu dahi şəxsiyyətin həyatının hər səhifəsinin əzəmətli
bir abidə olduğunu diqqətə çatdırıb: “Ulu Öndərin ən böyük
xidmətlərindən biri də Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın
müdafiəsi, onlara göstərilən diqqət-qayğı olmuşdur.
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşü zamanı
Heydər Əliyevin siyasətinin yaşamalı olduğunu, bu yeganə siyasətin
Azərbaycanı daha da gücləndirəcəyini bildirmişdi. Ulu Öndərin qərbi
azərbaycanlılara göstərdiyi diqqət və qayğını, Prezident İlham
Əliyevin İcma qarşısında söylədikləri fikirləri əsas götürərək, biz
bu kitabı ərsəyə gətirdik.
Kitabda Qərbi Azərbaycandan olan 56 müəllifin Ulu Öndərin
fəaliyyətinin müxtəlif sahələrindən, şəxsiyyətinin ucalığından, ali
insani keyfiyyətlərindən bəhs edən və faktlara əsaslanan yazıları
yer alıb”.
Tədbirdə çıxış edən kitabın elmi redaktoru, millət vəkili Hikmət
Babaoğlu ölkəmizin milli mübarizə tarixinin yeni mərhələsindən,
millət vəkili, professor Musa Quliyev Ulu Öndər Heydər Əliyevin
Azərbaycan dövlətçiliyinin yaramasındakı misilsiz xidmətlərindən
danışıb. UNEC-in kafedra müdiri, professor Əvəz Ələkbərov isə
Ümummilli Lider Heydər Əliyevlə bağlı şəxsi xatirələrini
iştirakçılarla bölüşüb.
Ulu Öndər Heydər Əliyev haqqında səmimi və xoş xatirələrlə davam
edən görüşün sonunda rektor Ədalət Muradov kitabın ərsəyə
gəlməsində əməyi olan hər bir şəxsə təşəkkürünü bildirib.





























