
Bakı. Trend:
Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir
Putin ilə görüşünə geniş diqqət ayırıb.
Trend xəbər verir ki, xəbərlərdə ölkələrimiz arasında
münasibətlərin inkişafı baxımından bu görüşün mühüm əhəmiyyət
daşıdığı xüsusi vurğulanıb.
TASS Agentliyində yer alan xəbərdə Azərbaycan Prezidenti İlham
Əliyevin Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün iki
dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə
əminlik ifadə olunur.
“RİA Novosti”, “Moskovski Komsomolets” nəşrləri Rusiya
Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə
görüşdə Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının
tikintisinə mühüm töhfə verməsi barədə fikirlərini diqqətə
çatdırıb.
“İnterfaks” nəşrinin xəbərində Rusiya Prezidenti Vladimir
Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə
təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və bir sıra digər
mövzularda müzakirələr aparılacağını bildirdiyi qeyd olunub.
“News.ru” hər iki ölkə prezidentinin bu il yenidən ali dövləti
vəzifəyə seçildikdən sonra ilk dəfə görüşdüklərini xüsusi
vurğulayıb. “Onların daha əvvəl başladıqları işləri davam
etdirəcəkləri gözlənilir. Politoloqlar hesab edirlər ki,
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində
ümidverici irəliləyişdən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni
geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini
müzakirə etmək niyyətindədirlər”, – nəşrdə yayımlanan xəbərdə qeyd
olunub.
“Arqumentı i faktı” nəşri yazır ki, Rusiya Prezidenti Vladimir
Putin Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının
tikintisinə verdiyi töhfəni xatırladıb. Nəşr qeyd edib ki, Vladimir
Putin Heydər Əliyevin SSRİ dövründə BAM-ın tikintisi ilə bağlı
məsələlərə birbaşa nəzarət etdiyini və Rusiyanın buna görə ona
minnətdar olduğunu vurğulayıb.
“Qazeta.ru” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Rusiya
Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas
ölkədir” fikrini xüsusi vurğulayıb. “Bu gün iki dövlət başçısı
Rusiya və Azərbaycanı birləşdirəcək Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi layihəsini müzakirə etməyi planlaşdırır. Eyni
zamanda, Azərbaycan liderinin fikrincə, bu dəhliz yükdaşımaların
təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir”, –
deyə Rusiya nəşrinin xəbərində bildirilib.
“Ren.tv”də yer alan xəbərdə Prezident Vladimir Putinin Rusiya
ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasını xüsusi
vurğuladığına diqqət çəkilib. “Onun sözlərinə görə, bu rəqəm 4
milyard dollardan çoxdur. Bundan başqa, Rusiyanın yatırdığı 6
milyard dollarlıq sərmayə Azərbaycan iqtisadiyyatının bir hissəsini
təşkil edir”, – deyə telekanalın xəbərində qeyd edilib.





























