
Bakı. Trend:
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir
Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dörd kəndlə
bağlı əldə olunan razılaşmaya və iki ölkə arasında davam edən
demarkasiya səylərinə dəstəyini bildirib.
Trend xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Sufian Qudah
bəyan edib.
O, İordaniyanın iki ölkə arasında sabitlik və təhlükəsizliyin
gücləndirilməsinə xidmət edən bu təşəbbüsləri dəstəklədiyini
bildirib..
Sufian Qudah bu cür razılaşmaların daha geniş sülh danışıqlarına
yol açdığını bildirərək qlobal sülh və təhlükəsizliyin
gücləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























