Advertisement

Bakı və Moskva yeni siyasətə başlayır

Dünən Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə
Vladimir Putin arasında görüş olub, danışıqlar aparılıb.

Bu il Azərbaycanda keçirilmiş Prezident seçkilərində qələbədən
sonra dövlət başçımızla V.Putin arasında ilk real təmas zamanı
çoxsaylı məsələlər müzakirə olunub.

Təbii ki, nəzərdən keçirilmiş məqamlar arasında əsas yeri Rusiya
Sülhməramlı Kontingentinin (RSK) Azərbaycandan çıxarılması və 32
ildən bəri Ermənistanda işğal altında olan 8 kəndimizin 4-nün azad
edilərək vətənə qaytırlması ilə bağlı situasiya tutur.

Moskva hesab edir ki, səlahiyyət müddətinin 2025-ci ildə başa
çatması təsbitlənmiş RSK-nın vaxtından əvvəl çıxarılması və 4
kəndlə bağlı vəziyyət Azərbaycanla Ermənistan arasında sülh
sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində Rusiyanın da
iştirakını məntiqi edir.

Daha konkret olsaq, V.Putinin fikrincə, birbaşa ikitərəfli
danışıqlar formatı üçtərəfli müzakirələr səviyyəsinə keçə
bilər.

Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın da səfərini
gözləyirlər.

İrəvanın Qərbə meyllənmiş xarici siyasət doktrinası və
ABŞ-Fransa-Avropa İttifaqı triosunun təlimatları əsasında
reallaşdırılan strategiyası ilə bağlı Rusiyanın hakimiyyət
dairələrinin Paşinyana bəlli sualları var.

Azərbaycan və Rusiyanın dövlət başçılarının bu ildə ilk
görüşlərinin rəsmi səbəbi Baykal-Amur Magistralının (BAM) inşasına
başlanmasının 50 illiyi idi.

Azərbaycanın sabiq Prezidenti, Ulu Öndər keçmiş SSRİ-nin baş
nazirinin birinci müavini vəzifəsində çalışanda BAM-ın inşası ilə
bağlı məsələlərə şəxsən nəzarət edirdi.

Vladimir Putinin dediyinə görə, iyulun 8-də Amur vilayətində
BAM-ın təntənəli yubileyi ərəfəsində o, Azərbaycanın dövlət başçısı
İlham Əliyevlə görüşməyi məqbul bilib.

Rusiya prezidentinin mətbuat xidmətinin danışıqlardan əvvəl
yaydığı rəsmi açıqlamada deyilirdi: “Danışıqlar zamanı Rusya və
Azərbaycan arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik
əlaqələrinin bundan sonrakı inkişafının önəmli məqamlarının
müzakirəsi, habelə aktual regional problematika ilə bağlı geniş
fikir mübadiləsi nəzərdə tutulub”.

Təbii ki, bu açıqlama iki ölkə arasındakı qarşılıqlı əlaqələrlə
yanaşı, bölgədə formalaşan geosiyasi və geostrateji situasiyanın
diqtə etdiyi bütün nüansları ehtiva etmirdi.

Cənubi Qafqazdakı proseslər, xüsusilə də aprelin 5-də Brüsseldə
ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri
Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan
arasındakı görüşlə müzakirələr və imzalanmış sənədlər bölgəmizdə
Qərbin təsir imkanlarını mümkün qədər artırmaq niyyətində olduğunu
əvvəl de-fakto aşkarlamışdısa, indi de-yure təsdiqlədi.

Vaşinqton-Paris-Brüssel triosu Ermənistan vasitəsilə Cənubi
Qafqazda qüvvələr nisbətinə təsir etmək, Rusiya və İranın
mövqelərini zəiflətmək, daha sonra isə onların hadisələrə təsir
vasitələrini ifrat dərəcədə zəiflətmək niyyətindədir.

Dünən Kremldə keçirilmiş görüşdə də V.Putin bu amillərə işarə
edib.

“Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd
edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən
atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli
rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu
nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə
bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox
minnətdarıq, onun xatirəsini yad edirik.

İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı
marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla
bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün
əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.

Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata
keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün
də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi
üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox
tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından
istifadə edirlər.

Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli
münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz
artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar
ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya
investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir.
İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda
əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların
bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur”, – V.Putin
deyib.

Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib: “Əlbəttə,
Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə
Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm.
Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz
arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz
Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar.
2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və
bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu.
Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi
adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak
edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim
üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük
şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz
töhfəsini verən insanlarla da görüşəcəyik.

Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha
da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl
inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox
razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada,
Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə
münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində
işləyirik.

Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir.
Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik.
Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi
baxımından və bir çox ölkələr arasında ticari münasibətləri
stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün
gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır.
Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik
üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı
fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və
qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın,
qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin
nizamlanmasına çalışırıq”.

Azərbaycanın və Rusiyanın dövlət başçılarının görüşünü postsovet
məkanında, xüsusilə də Cənubi Qafqazdakı vəziyyətin yeni
formasiyası və proseslərin sürətlənməsi şərtləndirib.

Moskva görür ki, Qərblə Ermənistan arasında siyasi
kommunikasiyaların artması, İrəvanın faktiki olaraq satellitə
çevrilməyə razılaşması və Nikol Paşinyanın bölgədə məhz Qərb
narrativləri əsasında qarşılıqlı əlaqələr modeli qurmağa meylli
olması Rusiyanın dayaqlarınnı zəiflədir.

Rusiyanın siyasi elitaları hesab edirlər ki, Nikol Paşinyanın
yürütdüyü, Qərbə yarınmağa əsaslanan siyasət Cənubi Qafqaz
bölgəsində hadisələrin inkişafı ilə bağlı bir neçə alternativ
ssenari formalaşdırsa da, bütün ssenarilərdə geosiyasi rəqiblər
Rusiya və Qərbdir.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycan ərazisindən
vaxtından əvvəl çıxarılması Moskva və Bakı arasındakı
münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçməsindən xəbər verir.
Belə ki, Moskva Azərbaycanın tərkib hissəsi olan Qarabağdakı
vəziyyətə görə məsuliyyətin bundan sonra bütünlüklə Bakıya
düşdüyünü, Bakının da bu missiyanın öhdəsindən tam gəlmək üçün
bütün resurslara və imkanlara malik olduğunu etiraf edib.

Rusiya bölgədə təhlükəsizliklə bağlı məsələləri Azərbaycanla
ayrı-ayrılıqda yox, birlikdə həll etməyin tərəfdarıdır.

Eyni zamanda, Moskva ermənilərin Avroatlantika strukturlarına
inteqrasiya olmaq, Qərbin isə Ermənistanın təhlükəsizliyini
Vaşinqton-Paris-Brüssel triosunun geosiyasi və NATO-nun
hərbi-siyasi hamiliyi vasitəsilə təmin etmək niyyətlərindən
narahatdır.

Son vaxtlaradək N.Paşinyan administrasiyası və Ermənistanın
hakimiyyət elitaları Qərblə intensiv tərəfdaşlığı, xüsusilə də
Avropa İttifaqının Ermənistandakı müşahidə-monitoriq missiyasının
(EUMA) fəaliyyətini və xüsusilə də onun heyətinin fasiləsiz
genişləndirilməsini Azərbaycanda rusiyalı sülhməramlıların
mövcudluğu, RSK amilini tənzimləmək niyyətiilə əlaqələndirirdilər.
Lakin artıq RSK Azərbaycandan çıxır və Qərb bundan sonra
Ermənistanda EUMA pərdəsi altında hərbi-polis missiyasının
fəaliyyətinə siyasi amillərlə pərdələyə bilməyəcək.

Ermənistanda işğalda olan 8 kənddən 4-nün azad edilərək
Azərbayxana qaytarılması ilə bağıl qəar isə Moskva-Bakı-İrəvan
geosiyasi uçbucağında yeni vəziyyətin formalaşmasına səbəb
olub.

Rusiyanın XİMN başçısı Sergey Lavrov da son bəyanatlarında
bildirib ki, Ermənistan Azərbaycanla şərti dövlət sərdəditnin
delimitasiyasına başlamalıdır: «Yalnız bu proses başa çatandan
sonra İrəvanın təkidlə vurğuladığı məsələ, yəni KTMT-nin məsuliyyət
zonasının müəyyənləşməsi barədə danışmaq olar. Yaşanan situasiyanın
vicdanlı müzakirəsi üçün Rusiya və Ermənistan arasında yüksək
səviyyədə təmaslar davam etdirilməlidir. Ümid edirəm ki, Nikol
Paşinyanla təmaslar olacaq və bu təmaslar zamanı bir sıra
məsələləri Qərbdəki bədxahların Ermənistana təqditm etdiyi
arqumentlər olmadan müzakirə edə biləcəyik».

… Azərbaycanla Rusiya arasında əlaqələr inkişaf edir və ciddi
perspektivə malikdir.

Həmin əlaqələrin zəiflədilməsini istəyənlər, buna can atanlar
isə Rusiyanın bölgədəki təsir rıçaqlarının minimallaşdırılmasını
yox, Azərbaycana Qərbin təzyiq mexanizmlərinin güclənməsini
arzulayırlar.

Azərbaycan isə Rusiya kimi, Qərblə də tərəfdaşlığın və
əməkdaşlığın daha da aktivləşməsində, miqyasın artırılmasında
maraqlıdır.

Rasional, praqmat və müstəqil siyasət də elə budur.