
Bakı. Trend:
2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard
825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi
təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş
sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı
ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6
milyon manat və ya 5 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında
deyilir.
Bildirilib ki, istifadə edilmiş vəsaitin 1138,5 milyon manatı
infrastruktur təyinatlı layihələrinin tikintisi, yenidən qurulması
(avtomobil və dəmir yolları infrastrukturunun layihələndirilməsi,
tikintisi, yenidən qurulması üçün 885,3 milyon manat, yeni yaşayış
komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin
aparılması üçün 212,3 milyon manat, meliorasiya işlərinin
aparılması üçün 34,1 milyon manat, bərk məişət tullantıları
infrastrukturunun yaradılması üçün 0,8 milyon manat, kadastr
xidmətlərinin həyata keçirilməsi üçün 0,4 milyon manat və digər
infrastruktur layihələrinin icrası üçün 5,6 milyon manat), 23,6
milyon manatı sosial təyinatlı layihələrin tikintisi, yenidən
qurulması (təhsil və səhiyyə tədbirlərinə), 20,1 milyon manatı
Zəngilan şəhərində Konqres Mərkəzinin və aidiyyəti dövlət
orqanlarının (qurumlarının) ümumi istifadəsi üçün vahid inzibati
binanın layihələndirilməsi və tikintisi, 15,0 milyon manatı
ərazilərin minalardan təmizlənməsi, 23,5 milyon manatı isə digər
tədbirlər üzrə xərclərə yönəldilib.





























