
Bakı. Trend:
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan
ikitərəfli əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı
ilə diqqətdədir. İkitərəfli münasibətlərin inkişafı öz növbəsində
yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin
coğrafiyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir.
Şübhəsiz ki, əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı
səfərlər, bu zaman imzalanan sənədlər, keçirilən görüşlərdə
müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır.
Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya
Federasiyasına işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə
təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının 50 illik
yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri
ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə
arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha
işıq saldı. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri dostluq,
qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm
təmələ əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz
təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal
iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir
çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da
xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu
nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər
Əliyevin böyük rolu olub. Dövlətimizin başçısı sözügedən görüşdəki
çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Heydər Əliyev amili
dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və
oynayacaq. Çünki o, Kremldə işlədiyi illərdə sovet dövlətinin və
ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər
göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki,
Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu nəhəng layihənin
tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif məqamları
ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır,
münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələrimizin qarşılıqlı
əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlət başçısı
İlham Əliyev çıxışında bu reallığı da xüsusi vurğuladı ki, 2000-ci
illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban
qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir
Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Vladimir Putinin 2001-ci
ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə
Rusiyaya dövlət səfəri bu gün birlikdə şahidi olduğumuz böyük yolun
başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında
münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə
başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin əlaqələrinin
inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu
dostluğun, müttəfiqliyin möhkəm təmələ əsaslandığını təsdiqləyir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Rusiya Federasiyası
ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan
“Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”
əlaqələrimizdə yeni səhifə açdı. 2002-ci ildə Ulu Öndər Heydər
Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində
əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi
statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu
sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq
səviyyəsində inkişafını nümayiş etdirdi.
YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki,
Azərbaycanın xarici siyasətinin əsas məsələləri olan keçmiş Qarabağ
münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində
Rusiyann dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər
iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin
genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar.
Belə ki, 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya
prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında”
Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq
ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq,
dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik
səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə
inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də
müsbət təsirini göstərir.
Vüqar Rəhimzadə bildirib ki, iki ölkə arasında bugünədək
imzalanan 260 sənəd, mütəmadi qaydada keçirilən iqtisadi forum və
konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol
oynayır. Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşündə
ikitərəfli əlaqələrin gündəliyinin zənginliyi xüsusi qeyd edildi.
Bildirildi ki, Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin
dayanıqlı inkişaf dinamikası təmin edilir. 2017-ci illə müqayisədə
ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard
dollara çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi
yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, tranzit
yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə
müqayisədə 44 faizdən çox olub. Rusiyanın Azərbaycandakı şirkətləri
yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye
sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.
YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki,
ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı
dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi
məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının
inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol
Xəritəsi” imzalandı. İki ölkənin əlaqələrinin hərtərəfli inkişafı
üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev
sözügedən görüşlərdə bu məqama da xüsusi diqqət yönəltdi ki,
regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda
və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir.
Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey
asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda
etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın
möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.
Bu əminlik də ifadə edildi ki, görüş münasibətlərimizin inkişafına
yeni təkan verəcək.
Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki,
Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi
iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.





























